Azərbaycan paytaxtında ilk dəfə olaraq beynəlxalq səviyyəli qənnadı və çörəkbişirmə sənəti üzrə birincilik - "Pastry & Bakery Chefs Baku Cup 2025" keçirilib.
Trend xəbər verir ki, çempionat Azərbaycan Aşpazlar Gildiyası, Bakı Aşpazlar Assosiasiyası və DIYAR.AZ layihəsi olan "Azərbaycanın Qastronomik Xəritəsi" tərəfindən təşkil olunub.
Badamdar "Hotel & Residences"də baş tutan tədbir Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Qətər, Şri-Lanka, İran, BƏƏ, Vyetnamdan gələn nümayəndələri, həmçinin, peşəkar qənnadçıları və ixtisaslaşmış təhsil müəssisələrinin tələbələrini bir araya gətirərək, ustalıqlarını nümayiş etdirmək və təcrübə mübadiləsi aparmaq üçün unikal platforma təqdim edib.
Açılışda Azərbaycan himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Aşpazlar Gildiyasının və Bakı Aşpazlar Assosiasiyasının sədri, beynəlxalq dərəcəli usta İlkin Əkbərzadə qeyd edib ki, çempionat ölkədə qənnadı və çörəkbişirmə sahəsinin inkişafına, istedadlı mütəxəssislərin aşkara çıxarılmasına və onların beynəlxalq arenada tanıdılmasına töhfə verəcək.
DIYAR.AZ layihəsi - "Azərbaycanın Qastronomik Xəritəsi"nin müəllifi və rəhbəri Nigar Əmirbəyova tədbirin əhəmiyyətini bu sözlərlə vurğulayıb:
"Belə beynəlxalq çempionatlar tez-tez keçirilməlidir, çünki hər kəsin xaricdə keçirilən yarışlara qatılmaq imkanı olmur. Çempionatı Azərbaycanda təşkil etməklə, biz iştirakçılara özlərini göstərmək, xarici münsiflər və mütəxəssislərlə ünsiyyət qurmaq, suallar vermək, məsləhətlər və tövsiyələr almaq imkanı verdik. Ən əsası isə - bütün bu emosiyaları, rəqabət ruhunu və eyni zamanda, birliyi yaşamaq şansı təqdim etdik!"
Qastronomiya ustası Qabil Quliyev isə bildirib ki, Azərbaycanın milli qastronomiyasının beynəlxalq səviyyədə tanıdılması çox vacibdir:
"Azərbaycanın ənənəvi şirniyyatları və çörəkbişirmə sənəti qədim tarixə malikdir. Xüsusilə lavaş UNESCO-nun mədəni irs siyahısına daxildir. Dünyaya Azərbaycan mətbəxinin zənginliyini göstərmək ölkə irsinin təbliğatı üçün olduqca önəmlidir".
Qonaqlara konsert proqramı da təqdim olunub.
İştirakçılar aşağıdakı nominasiyalarda yarışıb: "Milli şirniyyatlar masası", "Art-sinif (şirniyyat və şokolad məmulatları)", "Toy tortu", "Çörəkbişirmə sənəti", "Meyvə və tərəvəz oyma kompozisiyaları", "Tortun praktiki hazırlanması sinfi".
Çempionatın nəticələrinə görə:
Altı nominasiya üzrə milli iştirakçılar qızıl medallara və baş kuboka layiq görülüblər.
Türkiyə - qardaş ölkənin peşəkar şefləri bir qızıl və bir gümüş medal qazanıblar.
Özbəkistan - komanda birinci yer tutaraq kubok, həmçinin, bir qızıl və bir gümüş medal qazanıb.
Pakistan - aşpazlar ikinci yer kubokunu və bürünc medalları evlərinə aparıblar.
Münsiflər heyəti müxtəlif ölkələrin aparıcı mütəxəssislərindən ibarət olub: Çamil Fernando (münsiflər heyətinin sədri, Qətər), Şahid Miyan (Pakistan), Süleyman Kursak, Metin Ayhan, Hüseyn Şipal (Türkiyə), Xoşan Desilva (BƏƏ), Don David, Bəhruz Qəlbinur (Azərbaycan).
Qətər nümayəndəsi Çamil Fernando Bakıya ilk səfərində beynəlxalq çempionatın təşkilini yüksək qiymətləndirib:
"Gənc azərbaycanlı aşpazların işləri məni yaxşı mənada heyrətləndirdi. Onların inkişaf və irəliləyiş arzusu hörmət doğurur. Xüsusilə təşkilatçıların peşəkarlığını, iştirakçı və qonaqların mehriban atmosferini, səmərəli təcrübə mübadiləsini və Azərbaycanda keçirdiyim yeni, parlaq təəssüratları qeyd etmək istərdim".
Pakistan nümayəndəsi Şahid Miyan bildirib ki, bu cür layihələr beynəlxalq əlaqələrin möhkəmlənməsinə və kulinariya sahəsində əməkdaşlığın genişlənməsinə xidmət edir: "Azərbaycan və Pakistan qardaş ölkələrdir və bizim üçün belə çempionatda iştirak etmək böyük şərəfdir. Bu yarışlar mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə ciddi töhfə verir".
Çempionat çərçivəsində beynəlxalq səviyyədə tanınmış qastronomiya ekspertləri tərəfindən master-klaslar da keçirilib. Onlar həm ənənəvi, həm də müasir milli yeməklərin hazırlanmasında müəllif texnologiyaları və praktik bacarıqlarını nümayiş etdiriblər.
Çempionatın sonunda mükafatlandırma mərasimi keçirilib.
"Pastry & Bakery Chefs Baku Cup 2025" əsl qastronomiya bayramına çevrilərək Bakının dünyanın dörd bucağından olan kulinar fitri istedadlarını bir araya gətirən qovşağa dönməkdə olduğunu sübuta yetirib.
İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az