Bakıda konsertdə evlənmək istəyən rus qız: "Mesajlara görə nömrəmi dəyişirəm"

1 Avqust 2025 14:24

İyulun 27-də Bakıda baş tutan Castin Timberleykin konsertində qeyri-adi hadisə yaşanıb.

Milli.Az xəbər verir ki, Yekaterinburqdan olan Kristina Lefterova konsert zamanı əlində üzərində "Castin, mənə evlənməyə kömək et" yazısı və şəxsi telefon nömrəsi olan poster tutaraq diqqət çəkib.

Müğənni ifası zamanı qızı fərq etdikdən sonra Kristinanın telefonu mesajlardan sözün əsl mənasında "partlayıb". Onun sözlərinə görə, mesajların çoxluğu səbəbindən istifadə etdiyi messencerlərdən biri isə müvəqqəti olaraq bloklanıb.

"Hər ikinci mesaj evlilik təklifidir. Hələ ki, nömrəmi dəyişməmişəm, amma bəlkə də dəyişəcəyəm" , - deyə Kristina mətbuata açıqlamasında bildirib.

Hazırda Kristinanın qeyri-adi aksiyası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəziləri bu addımı zarafatla qarşılayıb, digərləri isə onun cəsarətini alqışlayıb.

Aysel Əkbər
Milli.Az