İlan zəhəri nə zaman ölümcül olur? - Toksikoloqdan AÇIQLAMA

29 İyul 2025 02:02

Yayın gəlməsi ilə ilanların üzə çıxması daha da artır. Bu da müəyyən faciələrə, hətta insan ölümünə belə səbəb ola bilər. 

Milli.Az xəbər verir ki, Şəkidə 54 yaşlı kişini ilan sancıb. Kənd sakini yaşadığı evin həyətində işləyərkən onu ilan vurub.

O, dərhal xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti isə ağır olaraq qiymətləndirilib.

Bəs hansı hallarda ilan zəhəri ölümcül olur? 

Məsələ ilə bağlı toksikoloq İsmayıl Əfəndiyev bildirib ki, ilan sancmasından sonra qan dpvranın pozulması ilə zəhər daha dərinlərə gedir:

"Bu da insan ölümünə səbəb olur. Bəzi kinolarda ilan zəhəri olan hissəni kəsmək, qanı sovurmaq və digər səhnələr göstərilsə də təəssüf ki, bunların heç bir xeyri yoxdur. Əksinə bu hallar xəstənin vəziyyətini daha da pisləşdirərək infeksiya qapmasına səbəb ola bilər". 

Bəs hansı ilkin tibbi yardımlar göstərmək olar?

"Həmin ətrafda hərəkətləri məhdudlaşdırmaq lazımdır. Nə qədər insan çox hərəkət etsə, o qədər zəhər çox bədənə yayılacaq. Həmin an insanı sakitləşdirmək lazımdır. Çay, kofe, tütün və spirtli içkilər istifadə etmək qadağandır. Çünki, bunlar ürəyin döyüntüsünü çoxaldır. Həmin yara olan hissəni dezinfeksiya edərək sıxmayan formada bağlamaq olar". 

Aysel Əkbər
Milli.Az