İnternetdə gördüyünüz hər üsulu bədəninizdə tətbiq etməyin - Həkim xəbərdarlıq etdi

27 İyul 2025 20:20

Sosial şəbəkələrdə gördüyünüz bəzi şişkinlik "hiylələri" dərinizə zərər verə bilər.

Milli.Az xəbər verir ki, bədəndəki ödemdən qurtulmaq üçün internetdə paylaşılan bəzi "möcüzəvi" üsullar əslində zərər verir.

Dermatoloq və kosmetoloq Qalina Amosovanın sözlərinə görə sərt masajlar, yanlış masaj qabları, buz kompresləri və sidikqovucu bitkilər bədəni susuzlaşdırır, dərini zədələyir, hətta əks təsirlə şişkinliyi daha da artırır.

Məsələn, Amosova deyir ki, güclü masajlar dərialtı damarları partlada, qızartı və damar izlərinə (kuperoz) səbəb ola bilər. Masaj qablarından düzgün istifadə edilmədikdə isə dəridə göyərmələr və ağrılar yarana bilər. Əgər masaj hərəkətləri limfa axınının əksinə edilirsə, bu da şişin daha da böyüməsinə yol açır.

Həkim həmçinin çoxlarının seçdiyi yaşıl çay, cəfəri kimi təbii sidikqovucuları da təhlükəli adlandırır. Çünki bu üsullar bədəni susuzlaşdırır, kalium və maqnezium kimi vacib maddələri azaldır, nəticədə böyrəklər zəifləyir, orqanizm isə daha çox su yığmağa başlayır.

"Sidikqovucuların fikirləşildiyi qədər günahsız dərman olmadığını bilməliyik. Onların nəzarətsiz istifadəsi ürək ritmini pozur, qanı qatılaşdırır, bədəndə tromb riski yaradır", - deyə Amosova vurğulayır.

O, həmçinin buzla üzə və ya bədənə kompres etməyi də düzgün saymır. Uzun müddətli istifadə damarların əvvəl daralıb sonra qəfil genişlənməsinə səbəb olur ki, bu da qan dövranını pozur və ödemi artırır.

Narkoloq Andrey Tyurin də alkoqolun, xüsusilə də pivənin bədəndə şişkinliyin əsas səbəblərindən biri olduğunu deyib. Onun sözlərinə görə pivə qaraciyər və böyrəklərə mənfi təsir göstərir, bu da şişkinliyi artırır.

Qısacası, ödemdən qurtulmaq üçün internetdə gördüyünüz hər üsulu tətbiq etmədən öncə iki dəfə düşünməkdə fayda var.

Milli.Az