Restoranda müştərilərə narkotikli pizza verdilər - 85 nəfər zəhərləndi - FOTO

26 İyul 2025 11:20

ABŞ-də restoranda müştərilərə səhvən marixuanalı pizza veriblər.

Milli.Az dailymail-ə istinadla xəbər verir ki, Viskonsin ştatında yerləşən "Famous Yeti's Pizza" restoranında müştərilərə təsadüfən THC (marixuananın psixoaktiv maddəsi) ilə çirklənmiş pizza verilib.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yeni hesabatına görə 2024-cü il oktyabrın 22-dən 24-nə qədər restoranda servis edilən pizzalar səhvən tərkibində çətənə mənşəli THC olan yağla bişirilib. Nəticədə 85 nəfər zəhərlənib, onlardan 7-si xəstəxanaya yerləşdirilib.

Zəhərlənənlər arasında 1 yaşından 91 yaşına qədər insanlar olub. Onlar başgicəllənmə, narahatlıq, halüsinasiyalar, yüksək nəbz və qusma kimi simptomlar yaşayıb. Hadisəyə səbəb isə restoranın həmin günlərdə öz bişirmə yağının tükənməsi və eyni binada yerləşən ortaq mətbəxdən istifadə etməsi olub. Həmin mətbəbdə istifadə edilən yağ çətənə tərkibli məhsullar üçün nəzərdə tutulubmuş.

Səhiyyə rəsmilərinin bildirdiyinə görə, həmin yağın üzərində THC tərkibli olduğunu bildirən xəbərdarlıq yalnız qapağın üstündə yazılmışdı və restoran işçisi bu yazını görmüşdü. Lakin buna baxmayaraq yağ istifadə edilib. Polis araşdırması göstərib ki, bu hadisə qəsdən edilməyib və məsul şəxslərə qarşı cinayət işi açılmayıb.

Restoranın sahibi Cale Ryan sosial şəbəkədə paylaşım edərək 12 ildən çoxdur qazandıqları etimada zərər vurduqlarını etiraf edib. Hazırda restoran fəaliyyətini davam etdirir və hələ də yerli sakinlər arasında populyardır.

İsmayıl
Milli.Az