Belçikanın Müdafiə Naziri Teo Franken Anıtqəbiri ziyarət edib. Franken Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün məzarının önündə diz çökərək hörmət duruşuna keçib.
Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, Belçika Müdafiə Naziri Teo Franken ailəsi və müşayiətindəki heyətlə birlikdə Atatürkün məzarının önünə gəlib.
Franken Atatürkün məzarına əklil qoyub və burada diz çökərək ehtiramla dayanıb. Daha sonra xatirə şəkli çəkdirən Franken Anıtqəbir Xüsusi Dəftərini imzalayıb.
Nazir Franken dəftərə bu sözləri yazıb:
"Belçika Krallığı və silahlı qüvvələri adından bu tarixi məkanda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə ehtiramımı bildirməkdən şərəf duyuram. O, türk xalqına təhlükəsiz sərhədlər, müasir və dünyəvi bir konstitusiya, eləcə də hüququn aliliyini təmin edən böyük bir dövlət adamı idi. Bu böyük uğur sayəsində Türkiyə, bölgə sabitliyinin əsas dayağı kimi güclü və rifahlı bir ölkəyə çevrilmiş və bu rolunu bu günə qədər davam etdirmişdir".
Franken əlavə edib ki, Mustafa Kamal Atatürk "dünya miqyasında nəsillərə ilham verməyə davam edir".
Kənan
Milli.Az