Qida təhlükəsizliyi üzrə mütəxəssis Yelena Spetsenko yayın ən çox yeyilən salatının sağlamlıqla bağlı risklərini açıqlayıb.
Milli.Az xəbər verir ki, xiyar və pomidordan hazırlanmış ənənəvi yay salatına mayonez əlavə edildikdə və düzgün saxlanmadıqda bu yemək zəhərlənməyə səbəb ola bilər. Onun sözlərinə görə, əsas təhlükə mayonezdədir. Havanın temperaturu 25 dərəcəni keçdikdə, mayonezli salat 30-40 dəqiqə ərzində stafilokok, salmonella və bağırsaq çöpləri kimi zərərli bakteriyalar üçün ideal mühitə çevrilir.
Xüsusilə yay kafelərində və supermarketlərdəki hazır salatları alanların daha çox risk altında olduğu bildirilib. Spetsenko salatın yeməkdən dərhal əvvəl hazırlanmasını, otaq temperaturunda maksimum iki saat saxlanmasını və tərəvəzlərin soda ilə yuyulmasını tövsiyə edib. Mayonez əvəzinə bitki yağı və ya qatıqla hazırlanmış souslardan istifadə edilməsinin daha təhlükəsiz olduğu vurğulanıb.
Əgər salat bir neçə saat saxlanmalıdırsa, mütləq soyuducuya qoyulmalıdır. Turş qoxu, dad və konsistensiya dəyişiklikləri kimi əlamətlər varsa, həmin yeməkdən imtina etmək tövsiyə olunur.
Qeyd edək ki, daha əvvəl LabQuest şirkətinin mütəxəssisi həkim Vera Serejina da isti havada yağlı, qızardılmış və süd məhsullarının təhlükəli ola biləcəyini, hətta dondurmanın belə zərər verə biləcəyini bildirmişdi.
İsmayıl
Milli.Az