Dövlət qulluğuna qəbul imtahanı keçirilir

20 İyul 2025 14:35

İyulun 20-də Dövlət İmtahan Mərkəzi Bakı və Naxçıvan şəhərlərində dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirir.

DİM-dən Milli.Az-a istinadən verdiyi xəbərə görə, imtahanlar saat 11:00 və 16:00 olmaqla iki növbədə kompüterlər vasitəsilə 3 saat müddətində aparılır. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına da yerləşdiriləcək.

İmtahanda ümumilikdə 1648 nəfərin iştirakı nəzərdə tutulur.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün iyulun 21-dən avqustun 1-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

• ali təhsil haqqında sənədin surəti;

• əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 21 - 23 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.

Milli.Az