Ölkəmizdə vəkillərin sayı 2770-ə çatıb - FOTO

18 İyul 2025 18:13

2025-ci il iyulun 18-də "Badamdar" mehmanxanasında "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Tədbirdə VK Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra tədbir Dövlət Himni və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən VK sədri Anar Bağırov qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, onların cəmiyyətin hüquqi maarifləndirilməsində və vəkillik institutunun fəaliyyətinin işıqlandırılmasında mühüm rol oynadıqlarını bildirib.

Sədr çıxışı zamanı ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi inkişaf yoluna qısa nəzər salaraq, son illərdə həyata keçirilən islahatlardan, vəkillərin sayında müşahidə olunan artımdan, peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsindən, davamlı tədrisdən və respublikanın regional bölgələrində əhalinin keyfiyyətli hüquqi yardım alma imkanlarının genişləndirilməsindən, habelə "Konstitusiya və Suverenlik İli" çərçivəsində görülən işlərdən danışıb.

Həmçinin Anar Bağırov çıxışında Ulu Öndər Heydər Əliyevin 1999-cu il 28 dekabr tarixində imzaladığı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun vəkillik institutunun müstəqil hüquqi təsisat kimi formalaşmasında mühüm rol oynadığını qeyd edib. Sədr Azərbaycan tarixində ilk dəfə vəkilliyin tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşdığı və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrildiyi dilə gətirilib. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına toxunan Anar Bağırov bildirib ki, dövlət başçısının vəkilliyin inkişafına göstərdiyi ardıcıl diqqət və dəstək bu sahədə fundamental dəyişikliklərə yol açıb.

Sədr qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf yolu bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Məhkəmə-hüquq sahəsində Ulu Öndər tərəfindən əsası qoyulan islahatlar Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir və bu istiqamətdə şəffaflığın artırılması, ədalətə çıxış imkanlarının genişləndirilməsi üçün mühüm addımlar atılır. 

Çıxışı zamanı Anar Bağırov ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən mühüm islahatlardan da bəhs edib, bu sahədə Məhkəmə-Hüquq Şurasının və hakimlərin seçilməsi üzrə keçirilən şəffaf müsabiqələrin rolunu xüsusi qeyd edib, habelə gənc və yüksək ixtisaslı kadrların məhkəmə sistemində irəli çəkilməsinin hüquqi dövlət quruculuğuna verdiyi töhfələri vurğulayıb. 

Sədr Prezidentin 3 iyun 2025-ci il tarixli Sərəncamı ilə yeni təyin olunan hakimlər arasında 9 nəfərin Kollegiya üzvü olduğunu çox yüksək göstərici kimi qiymətləndirərək, bu rəqəmin vəkilliyin ölkənin məhkəmə sistemində də etibarlı kadr bankına çevrildiyini ifadə edib. VK-nın həm Məhkəmə-Hüquq Şurasında, həm də Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu dilə gətirən sədr hakim təyin olunan keçmiş vəkillərin məhkəmə-hüquq islahatlarına töhfə verəcəyinə inandığını bildirib, onların hər zaman qanunun aliliyinə, etik davranış qaydalarına sadiq qalacağına əmin olduğunu söyləyib, bu şərəfli missiyada uğurlar arzulayıb. 

Anar Bağırov çıxışının davamında nəzərə çatdırıb ki, 2018-ci ildən indiyədək vəkilliyə qəbul üçün ümumilikdə 15 test imtahanı keçirilib. Bu müddət ərzində 6480 namizəd imtahanlara qatılıb, onlardan 1912-si uğurla icbari təlim mərhələsini tamamlayıb and içərək Kollegiyanın üzvü olub.

Bugünkü tədbirdə isə daha 77 yeni namizəd andiçmə mərasimində iştirak edərək Kollegiyaya üzv qəbul olunub. Beləliklə, ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2770-ə yüksəlib. Yeni qəbul olunmuş namizədlərdən 59 nəfəri kişi, 18 nəfəri qadındır. Onlardan 7 nəfəri regionlarda, 70 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək. Qadın vəkillərin ümumi üzv sayına nisbəti 17 faizə çataraq 595 nəfərə yüksəlib.

Sonra mərasimdə Kollegiyanın fəaliyyəti ilə bağlı illik hesabatı əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra hakim vəzifəsinə təyin olunan şəxslər Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərmanlarla təltif olunublar.

Tədbirdə vəkilliyə qəbul üzrə ixtisas imtahanlarını müvəffəqiyyətlə keçmiş, icbari təlim mərhələsini uğurla tamamlamış və şifahi müsahibədən müsbət nəticə ilə keçən namizədlərin andiçmə mərasimi təşkil olunub. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə təntənəli şəkildə and içərək vəkil peşəsinin şərəflə və məsuliyyətlə daşıyacaqlarına dair öhdəlik götürüblər.

Mərasim zamanı onlara vəkil vəsiqələri təqdim edilib.  

Tədbirdə çıxış edən yeni qəbul olunmuş vəkillər peşəyə yiyələndikləri üçün böyük qürur hissi keçirdiklərini bildirib, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının ardıcıl və sistemli şəkildə təşkilinə görə VK Rəyasət Heyətinə təşəkkürlərini ifadə ediblər.

Həmçinin mərasimin ikinci hissəsində fəaliyyətində fərqlənmiş və yubiley yaşını qeyd edən VK-nın bir qrup üzvü də təltif olunub.  

Eyni zamanda mərasim çərçivəsində VK Rəyasət Heyətinin iclası keçirilib, gündəlikdə olan bir sıra məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.