Çində iki yeni virus aşkar edildi - Meyvələrdən sürətlə insanlara yayılır

18 İyul 2025 01:01

Çində aparılan araşdırmalar nəticəsində yarasalarda iki yeni virus növü aşkarlanıb. Alimlər bu virusların "Henipavirus" cinsinə aid olduğunu bildirirlər. Həmin viruslar əvvəllər insanlarda ağır tənəffüs yolu infeksiyaları və ensefalitə səbəb olan növlərə bənzəyir. Virusların meyvələr vasitəsilə insanlara keçmə riski diqqət çəkir.

Milil.Az xəbər verir ki, türkiyəli mütəxəssis Prof. Dr. Tevfik Özlü məsələ ilə bağlı ictimai narahatlığa aydınlıq gətirərək bildirib ki, hazırda bu viruslarla bağlı heç bir epidemiya və ya xəstəlik halı qeydə alınmayıb. Onun sözlərinə görə, sözügedən tapıntılar sırf elmi araşdırma xarakteri daşıyır:

"Yarasa, virus və Çin sözləri bir araya gələndə hər kəs təlaşa düşür. Ancaq bu, panikaya səbəb olacaq hal deyil. Virusların insana keçməsi yalnız nəzəri risk səviyyəsindədir" .

Alimlərin fikrincə, yarasaların yaşadığı ərazilərin meyvə bağlarına yaxın olması, sidiklə çirklənmiş meyvələrin insanlar tərəfindən yeyilməsi potensial yoluxma riskini artırır. Buna baxmayaraq, Özlü belə halların qarşısını almaq üçün sadə gigiyena qaydalarına əməl etməyin kifayət etdiyini deyib:

"Təbiətlə təmasda olan məhsullar, xüsusilə kənd təsərrüfatı məhsulları istifadə olunmazdan əvvəl yaxşıca yuyulmalıdır. Bu, yalnız bu viruslara deyil, digər zoonoz xəstəliklərə qarşı da önəmlidir."

O, həmçinin qeyd edib ki, bu kimi araşdırmaların ümumiləşdirilməsi doğru deyil və bu virusların yayılması ilə bağlı real təhlükə olmadığını bir daha vurğulayıb.

Fidan
Milli.Az