Səhnədə Cennifer Lopezə belə evlilik təklifi etdilər - VİDEO

18 İyul 2025 11:18

Dünyaca məşhur 55 yaşlı müğənni və aktrisa Cennifer Lopez səhnədə bir fanatının etdiyi evlilik təklifinə verdiyi cavabla diqqət çəkib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Up All Night" turu çərçivəsində səhnəyə çıxan Lopez tamaşaçılar arasında bir fanatın qaldırdığı "JLo, mənimlə evlənərsən?" yazılı plakatı görüb.

Plakatı ucadan oxuyan sənətçi, mikrofona verdiyi səmimi cavabında evlilik məsələsində artıq qərarını verdiyini açıq şəkildə bildirib.

"Deyəsən o dəftəri bağladım. Bəli, bir neçə dəfə sınadım", - deyən Lopez dördüncü evliliyi olan Ben Affleckdən ayrıldıqdan sonra artıq evlilik haqqında düşünmədiyini bildirib.

Cennifer Lopezin keçmiş evlilikləri

Cennifer Lopez indiyə qədər dörd dəfə evlənib. İlk evliliyini 1997-ci ildə Mayamidə ofisiant işləyən Ojani Noa ilə qurub. Lakin bu evlilik yalnız 11 ay davam edib.

2001-ci ildə rəqqas Cris Judd ilə ailə qurub. Onlar Lopezin "Love Don't Cost A Thing" klipinin çəkilişləri zamanı tanış olublar. Bu evlilik də cəmi 9 ay çəkib.

Ən uzunmüddətli evliliyini isə Latın musiqisinin tanınmış ifaçısı Marc Anthony ilə yaşayıb. Cütlük 2004-cü ildə evlənib, 2008-ci ildə onların Max və Emme adlı əkiz övladları dünyaya gəlib. Lakin evlilik 2011-ci ildə bitib, rəsmi boşanma isə 2014-cü ildə tamamlanıb.

Cennifer Lopez 2016-cı ildə verdiyi bir müsahibədə bu evliliklə bağlı belə demişdi:

"Bu, xəyal etdiyim evlilik deyildi. Acılarla və məyusluqla yaşamaq asan olardı, amma Marc uşaqlarımın atasıdır. Buna görə də hər şeyi düzəltmək üçün çox çalışdım. Bu, həyatımda etdiyim ən çətin iş idi".

Ben Affleck ilə ikinci şans da uzun sürmədi

Lopez daha öncə bir neçə dəfə nişanlanmışdı. Son nişanlısı keçmiş beysbolçu Alex Rodriguez idi. Onlar 2021-ci ildə ayrıldılar. Ardınca Lopez illər əvvəl nişanlanıb sonradan ayrıldığı Ben Affleck ilə yenidən birlikdə olmağa başladı. Cütlük 2022-ci ilin iyulunda evləndi. Lakin bu evlilik də çox uzun sürmədi. Lopez 2024-cü ilin avqust ayında - evliliyinin ikinci ildönümündə - boşanma ərizəsi verdi. Boşanma prosesi 2025-ci ilin yanvarında başa çatdı.

Ben Affleckin əvvəlki həyat yoldaşı Cennifer Garnerdən üç övladı var: Violet (19), Fin (16) və Samuel (13).

Kənan
Milli.Az