Dilqəm Məhərrəmov lisenziyası olmadığı halda Aysunu necə əməliyyat edib?

17 İyul 2025 20:14

Müğənni Aysun İsmayılova bir müddət əvvəl plastik əməliyyat etdirdiyini açıqlayıb. 

Maraqlı məqam onun əməliyyat üçün plastik-cərrah Dilqəm Məhərrəmova müraciət etməsi olub. Belə ki, D.Məhərrəmovun adı bir müddət əvvəl Səhiyyə Nazirliyinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısında yox idi. Yəni, onun həkim kimi fəaliyyət göstərməsinə icazə verilməyib.

Aysun iyulun 11-də yayımladığı videoda "Yüngül bir əməliyyatım var. Gedirəm Dilqəm həkimin yanına" deyə, bildirib. O, daha sonra palatadan görüntülər yayımlayıb və əməliyyatın baş tutduğunu yazıb. Bir neçə gün sonra isə Aysun evə buraxıldığı, əməliyyatın yaxşı keçdiyi barəsində məlumatlar paylaşıb. 

Onun D.Məhərrəmov tərəfindən əməliyyat edilməsi sosial şəbəkədə müzakirələrə səbəb olub. Həmin paylaşımdan sonra plastik-cərrah sosial şəbəkə hesabını bağlayıb. 

Aysun isə videoların çoxdan çəkildiyini, yeni olmadığını yazıb. O, ötən həftə əməliyyat olunduğunu inkar edib. 

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Sözügedən tibb mütəxəssisləri Xüsusi Təftiş Komissiyasının iclaslarına dəvət olunub və sənədləri ətraflı araşdırılıb. Xüsusi Təftiş Komissiyasının açıqladığı siyahıda 42 plastik cərrahın adı yer alıb. 

Dilqəm Məhərrəmov və onun özü kimi plastik-cərrah olan həyat yoldaşı Nərgiz Əhmədovanın adı siyahıda olmayıb. Onlar "Baku Medical Plaza"da çalışırdılar.//Axşam.az 

Milli.Az