“Dedi ki, yoldaşımı vurmuşam, kömək edin” - təfərrüat - yenilənib

17 İyul 2025 00:13

00:13

Yasamalda klinika rəhbərinin arvadını güllələməsinin təfərrüatı məlum olub.

Milli.Az xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində baş verib.

Doqquzmərtəbəli binada yaşayan 1986-cı il təvəllüdlü Fərqanə Kərimova güllə xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin sözlərinə görə, şübhəli V.Kərimov hadisədən sonra qonuşlarından kömək istəyib:

"Dedi ki, ay Müşfiq yoldaşımı vurmuşam, kömək edin. Qaçdıq getdik ora, gördüm ki, qadın maşınlarının yanında uzanıb. Hüquq-mühafizə orqanları gələndən sonra məlum oldu ki, maşının arxasında tüfəng olub".

Yasamal Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayaraq bildirib ki, 1986-cı il təvəllüdlü Vasif Kərimovun aralarında yaranmış mübahisə zamanı silahdan atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Vasif Kərimov iş üzrə şübhəli şəxs qismində tutulub. (baku.tv)

---------
22:42

Bakıda klinika rəhbərinin arvadını güllələməsinin təfərrüatı məlum olub.

Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, hadisə "Yüksəliş" MTK-nın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsi 133/135 ünvanında inşa etdiyi çoxmərtəbəli binanın qarajında baş verib.

Burada Vasif Kərimovla arvadı Fərqanə Kərimova arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisəyə səbəb isə V.Kərimovun başqa qadınla qeyri-rəsmi nikah münasibətləri saxlaması olub. F.Kərimova bundan xəbər tutub, əri ilə münasibəti olan qadını axtarıb tapıb və yaşadığı ünvana gedərək irad bildirib, ərindən əl çəkməsini tələb edib.

Vasif Kərimov arvadının bu hərəkətlərindən narazı qalıb. O, həyat yoldaşını binanın qarajında gözləyib və qarşılayıb. Onlar qadının idarə etdiyi "Toyota Prado" markalı avtomobilə əyləşiblər. Burada cütlük arasında dava düşüb.

V.Kərimov arvadına iki bıçaq zərbəsi vurub. Yaralı qadın xilas olmaq üçün avtomobildən düşərək qaçmaq istəyib. V.Kərimov özünə məxsus "Lənd Rover" markalı avtomobildən silahı götürüb, arvadının ardınca gedib və atəş açıb. Güllə Fərqanə Kərimovanın qarın boşluğuna dəyib.

Yaralı qadın Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib və cərrahi əməliyyatı olunub.

Cütlüyün 3 övladı var. F.Kərimova işləmir. Onlar 7-8 ildir həmin ünvanda yaşayırlar.

Qeyd edək ki, Vasif Kərimov Referans Medı-Art Hospital MMC-nin (Mərdəkan filialı) direktorudur.

------------

Yasamalda həyat yoldaşını güllələyən şəxs Bakıdakı özəl klinikalardan birinin rəhbəridir.

Milli.Az xəbər verir ki, APA-nın məlumatına görə, həyat yoldaşını odlu silahla yaralamaqda şübəli bilinərək saxlanılan Vasif Qaraxan oğlu Kərimov Referans Medı-Art Hospital MMC-nin (Mərdəkan filialı) direktorudur.

****

Bakıda qadın güllələnib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iyulun 16-da günorta saatlarında Yasamal rayonunda 38 yaşlı Vasif Kərimov evdə münaqişə zəminində həyat yoldaşına ov tüfəngi ilə xəsarət yetirib.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır oıduğu bildirilir.

V.Kərimov polis tərəfinfən saxlanılıb. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az