Qarabağdakı jurnalistlər yalnız öz peşə borclarını yerinə yetirdiklərinə görə erməni təcavüzkarların hədəfinə çevriliblər - Jan-Mişel Brün - VİDEO - FOTO

15 İyul 2025 14:39

Qarabağda jurnalistlər erməni təcavüzünün hədəfinə yalnız öz peşə borclarını yerinə yetirirdiklərinə görə çevriliblər.

Trend xəbər verir ki, bunu "La Gazette du Caucase" baş redaktoru Jan-Mişel Brün birinci və İkinci Qarabağ müharibələri zamanı erməni işğalçıları tərəfindən amansızcasına qətlə yetirilmiş azərbaycanlı şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş sərgidə bildirib.

Sərgi Parisdə Baku Network analitik mərkəzi tərəfindən təşkil olunub.

"Bəzi ölkələr artıq müharibə qanunlarına əməl etmir. Onlar dinc əhalini bombalayır, xəstəxanaları və məktəbləri dağıdır, piyada əleyhinə minalar yerləşdirirlər. Bu gün Yaxın Şərqdə baş verənlər, eynilə Qarabağ müharibəsi dövründə də baş vermişdi. Bu gün xatirəsini andığımız jurnalistlər təsadüfən həlak olmayıb. Onlar məhz jurnalist olduqları üçün öldürülüblər", - deyə o vurğulayıb.

"Qaynar nöqtələrdə" iyirmi ildən artıq təcrübəyə malik keçmiş hərbi müxbir olan Brün, müasir silahlı münaqişələrdə jurnalistlərə münasibətin dəyişməsindən narahatlığını ifadə edib.

"Biz artıq cəbhə xəttində əsgərlərlə eyni riskləri bölüşən və təhlükəyə məruz qalan şəxslər olmaqdan çıxmışıq. Bu gün biz sırf jurnalist olduğumuza görə hədəfə çevrilirik", - deyə o əlavə edib.

Jan-Mişel Brün senzura, manipulyasiya və redaksiya qadağaları vasitəsilə jurnalistlərə qarşı təzyiqlərin daha incə formalarına da diqqət çəkib. Misal olaraq o, fransalı jurnalist Lizron Budul ilə bağlı hadisəni qeyd edib. Onun sözlərinə görə, Budulun Qarabağla bağlı reportajı efirdən çıxarılıb, çünki o, rəsmi versiyayla təzad təşkil edirdi . Digər hadisə Fransanın nüfuzlu nəşrində çalışan müxbirlə bağlı olub. O, Azərbaycan ordusu barədə saxta məlumatlardan istifadə edib ki, redaksiyanın gözləntilərinə uyğun gəlsin. Sonradan həmin jurnalist bunun yalan olduğunu etiraf edib. Onun sözlərinə görə, əgər bunu etməsəydi, onun məqaləsi dərc olunmayacaqdı.

Brün həmçinin, Fransadakı erməni millətçi dairələrinin ölkə KİV-ə nüfuzu ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, "Daşnaksütyun" partiyasının Fransadakı şöbəsinin rəhbəri Murad Papazyan ölkədəki jurnalistika məktəblərinin əksəriyyətinə nəzarət əldə edib. Brünun fikrincə, bu, gənc jurnalistləri ruhdan salır və müstəqil jurnalistikanın yerini təbliğat və şou xarakterli məzmunla əvəz edir.

Qeyd edək ki, Baku Network analitik mərkəzi Avropada ilk dəfə olaraq Ermənistanın təcavüzü nəticəsində həlak olan azərbaycanlı jurnalistlər mövzusunu gündəmə gətirib və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirib.

Paris şəhərində təşkil olunmuş sərgi çərçivəsində Baku Network ictimaiyyətə şəhid jurnalsitlər haqqında materiallar təqdim edib.

Tədbir iştirakçılarına şəhid-jurnalistlərin xatirəsinə həsr olunmuş bukletlər paylanıb. Tədbirdə Fransa ictimaiyyətinin nümayəndələri, fransız və xarici jurnalistlər iştirak ediblər.Tədbir Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Baku Network-un "Azərbaycana qarşı hibrid və ideoloji təhdidlərin təhlili" adlı layihəsi çərçivəsində keçirilib. Sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Milli.Az