Ayşəni öldürüb meyitini çamadanda yola atan keçmiş polis əməkdaşı imiş - FOTOlar

15 İyul 2025 11:51

İstanbulda universitet tələbəsi olan Ayşə Tokyazın meyiti çamadanın içində, yol kənarında tapılıb.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, Ayşənin sevgilisi, 38 yaşlı keçmiş polis əməkdaşı C.K. onu evdə öldürərək meyiti çamadana qoyub və Eyüpsultanda yol kənarına atıb.

Hadisə ilə bağlı C.K. ilə birgə 5 nəfər də saxlanılıb.

Məlumata görə, Ayşə sosial mediadan tanış olduğu keçmiş polis C.K. ilə münasibət qurub. Lakin Ayşə yaş fərqi səbəbi ilə onunla evlənmək istəməyib.

İddiaya görə, sevgilisi Ayşəni son dəfə görüşmək üçün evə çağıraraq qətlə yetirib. İyulun 13-də Ayşənin meyiti çamadanda, yol kənarında tapılıb. Polis araşdırması nəticəsində Ayşənin evdə öldürüldüyü, meyitin çamadana qoyularaq evdən çıxarıldığı müəyyən edilib.

Cinayət yerində qan izlərinin gizlədilməsi üçün evin qırmızıya boyandığı, evin açarlarının təmizlik işçisinə verildiyi bildirilib.

Ayşənin əkiz bacısı Esra Tokyaz bildirib ki, o, sevgilisi tərəfindən zorla yanında saxlanılırmış:

"Bacımı qaçırdı, zorla yanında tuturdu. Evə getdim, üzü və gözü göyərmişdi. Bacım sevgilisini qorumaq üçün yanında qalırdı. Sonuncu dəfə getdiyimdə məni evdən qovdu. Sevgilisi bacımı təhdid edirdi, telefonunu sındırmışdı, mənimlə gizlicə əlaqə saxlayırdı. Deyirdi "sevgilimin güclü adamları var, çox qorxuram. Polisə şikayət etmişəm"".

Kənan
Milli.Az