"Putin məni aldada bilməz"

15 İyul 2025 10:50

"Putin məni aldada bilməz" .

Milli.Az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Tramp ilə Rusiya prezidenti Vladimir Putinlə bağlı söhbətində deyib.

Tramp bu fikirləri iyulun 14-də NATO-nun yeni Baş katibi Mark Rutte ilə Oval Ofisdə görüşü zamanı səsləndirib. O, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Putindən aldığı mesajları həyat yoldaşı ilə paylaşdığını, lakin Melaniyanın xəbərlərdə gördüyü dağıntıların bu "gözəl söhbətlərlə" uyğun gəlmədiyini vurğuladığını deyib.

"Evə gəlirəm və deyirəm: 'Bu gün Vladimirlə danışdım. Gözəl söhbətimiz oldu'. O isə cavab verir: 'Doğrudanmı? Yenə bir şəhər bombalanıb'", - deyə Tramp zarafatla xatırladıb.

Bu açıqlamanı Tramp daha sonra Ağ Evin Dövlət Yeməkxanasında keçirilən nahar tədbirində də təkrar edib və bildirib ki, tez-tez "işimiz bitdi" deyə düşündüyü anda, Melaniya ona yeni hücumların baş verdiyini xatırladır.

Tramp bildirib ki, Putinlə bir neçə dəfə "çox yaxşı söhbətlər" etsə də, real vəziyyətin dəyişmədiyini gördüyü üçün artıq səbri tükənib. O, 50 gün ərzində atəşkəs əldə olunmasa, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100% tarif tətbiq edəcəyi ilə hədələyib. Həmçinin Ukraynaya NATO vasitəsilə silah göndərməyə dəstək verəcəyini söyləyib.

"Putindən məyusam. Düşünürdüm ki, artıq razılaşa bilərik, amma bu, baş vermədi. O, çoxlarını aldadıb, amma məni aldada bilməz", - deyə Tramp bildirib.

Fidan
Milli.Az