Şile Bələdiyyəsində aparılan rüşvət və korrupsiya istintaqı çərçivəsində bələdiyyə başçısı Özgür Kabadayı da daxil olmaqla 5 vəzifəli şəxs barəsində həbs qərarı çıxarılıb.
Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul Anadolu Respublika Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosunun başlatdığı istintaq çərçivəsində saxlanılan şübhəlilər - Bələdiyyə Başçısı Özgür Kabadayı, başkan yardımçısı Tuncay Tolga Özçakmak, hüquq müşaviri Ali Şafak, rayonlaşdırma direktoru Aslı Kotan və lisenziyalaşdırma üzrə nəzarətçi Evren Buçhan - məhkəmənin qərarı ilə həbs olunaraq həbsxanaya göndərilib.
Prokurorluğun açıqlamasına görə, şübhəlilərin podratçılardan və vətəndaşlardan müxtəlif bələdiyyə icazələrini sürətləndirmək və təmin etmək məqsədilə 15 min avrodan 50 min avroya qədər rüşvət aldıqları müəyyən edilib. Sübutlar arasında səs yazıları, WhatsApp mesajları, fotolar və şahid ifadələri də yer alıb.
Əməliyyat zamanı hüquq müşaviri A.Ş. 20 min avro rüşvət alarkən cinayət başında yaxalanıb.
İstintaqa 9 şahidin ifadəsi, o cümlədən məxfi şahidlərin məlumatları daxil edilib. Şübhəlilərin bəzi şirkətlərə üstünlük verdiyi, icazə proseslərini sürətləndirdiyi və müxtəlif hədiyyələr təklif etdiyi də ortaya çıxıb.
Hazırda istintaq davam edir və əlavə həbslərin istisna olunmadığı bildirilir.
Fidan
Milli.Az