Bu gün köç karvanı ilə Xocalı rayonunun Təzəbinə kəndinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.
Trend-in yerli müxbiri xəbər verir ki, 28 ailə olmaqla, 125 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Təzəbinə kəndinə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Açarların təqdimat mərasimində, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
Mənzillərin açarlarını ailələrə təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Təzəbinə kəndində keçmiş məcburi köckünlərin rahat məskunlaşması üçün hər çür şərait yaradılıb. Kənd fasiləsiz elektirik enerjisi, təbii qaz, icməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. E. Yusubovun sözlərinə görə, kənd sakinlərinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Köç prosesi mərhələli şəkildə davam edəcək.
Ailələr açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.
Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib.
Doğma yurda qayıdan kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, onların ailələrinə səbir diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
--------
09:13
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salınıb.
Milli.Az xəbər verir ki, Xanyurdu və Təzəbinə kəndlərinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
İlk mərhələdə Xocalı rayonunun Xanyurdu kəndinə 33 ailə - 122 nəfər, Təzəbinə kəndinə isə 28 ailə, 125 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Doğma yurda qayıdan Xanyurdu və Təzəbinə kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Milli.Az