"Murano" və "Pathfinder"in istehsalı dayandırılır

12 İyul 2025 10:02

Yaponiya avtomobil nəhəngi Nissan, Murano, Pathfinder və Frontier modellərinin istehsalını ABŞ-də müvəqqəti olaraq dayandırdığını açıqlayıb. Qərar Tennessee və Mississippi ştatlarında yerləşən iki böyük zavodun fəaliyyətinin dondurulması ilə müşayiət olunur.

Məlumata görə, bu addım ABŞ ilə Kanada arasında tətbiq olunan yeni tariflər fonunda atılıb. ABŞ administrasiyasının xarici avtomobillərə 25%-lik əlavə vergi tətbiqi qərarına cavab olaraq Kanada da analoji tədbirlər görüb. Nəticədə Kanadaya ixrac olunan bəzi Nissan modellərinin istehsalı rentabelliyini itirib.

Milli.Az xəbər verir ki, Nissan-ın rəsmi açıqlamasında bildirilib ki, bu, qısa müddətli addımdır və vəziyyət normallaşacağı təqdirdə istehsal bərpa ediləcək.

Bundan əlavə, şirkət 2025-ci il üçün qlobal restrukturizasiya planı çərçivəsində ümumilikdə 7 zavodun bağlanmasını, 20 min iş yerinin ixtisarını və platformaların 13-dən 7-yə qədər azaldılmasını planlaşdırır. Şirkət rəhbərliyi bu strategiyanı "Re:Nissan" adı altında həyata keçirir.

Qeyd edək ki, Nissan 2025-ci maliyyə ilində 4,5 milyard dollar zərər və 4,8 milyard dollar borc açıqlayıb.

Hazırda şirkət Versa, Sentra və Rogue kimi modellərin istehsal və satışını davam etdirir. Bu modellər Meksika və Yaponiyadakı zavodlardan təmin olunur və tarif mübahisələrindən təsirlənmir.

İslam
Milli.Az