Atası ilə səfərə getmək qadağan olundu

11 İyul 2025 21:24

Böyük Britaniyada şahzadə Uilyamın oğlu, taxt-tacın ikinci varisi olan şahzadə Corc üçün yeni məhdudiyyət tətbiq olunacaq.

Milli.Az lenta.ru-ya istinadla xəbər verir ki, o, bu ildən etibarən atasının - taxtın birinci varisi şahzadə Uilyamın - səfərlərində onu müşayiət edə bilməyəcək.

Qayda iyulun 22-də, Corcun 12 yaşı tamam olduqdan sonra qüvvəyə minəcək. Əsas məqsəd - hər hansı qəza və ya fəlakət halında kral ailəsinin varisliyinin tamamilə məhv olmasının qarşısını almaqdır. Bu səbəbdən Corcun həm atasından, həm də digər varis olan bacı-qardaşları - şahzadə Şarlott və şahzadə Lui ilə eyni səyahətə çıxması qadağan ediləcək.

Qeyd edək ki, Britaniya krallıq ailəsi artıq bu kimi ehtiyat tədbirlərinə bir neçə dəfə əl atıb. Tarixdə krallıq ailəsinin üzvləri bir neçə dəfə təyyarə qəzası və yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. 1997-ci ildə şahzadə Diana avtomobil qəzasında, 1937-ci ildə isə şahzadə Filippin bacısı Sesiliya təyyarə qəzasında ölüb. 1942 və 1972-ci illərdə kraliça II Elizabetin əmisi və əmisoğlu da oxşar səbəblərlə vəfat edib.

Yeni qaydalarla kral ailəsi varislik ardıcıllığını hər hansı gözlənilməz vəziyyətdə qorumağa çalışır.

Milli.Az