Azərbaycan startup ekosisteminin tarixində bir ilkə imza atılıb. Ölkənin ilk NLP texnologiyalı EdTech startupı olan "Tuning Fork - Elektron Musiqi Öyrətmə Sistemi" -nin təsisçisi Dilarə Rüstəmzadə layihəni uğurla exit edərək milli startup ekosistemində yeni bir uğura imza atıb.
Tuning Fork - şagirdlərin vokal imkanlarını real zaman daxilində ölçən və musiqi bacarıqlarını qiymətləndirən bir sistemdir. Uşaqlar mahnı ifa edərkən, sistem onların səs diapazonunu təhlil edir və yalnız ya da düzgün ifa etdikləri hissələri vizual şəkildə göstərir. Bu alət həm şagirdlər, həm də müəllimlər üçün güclü bir rəqəmsal köməkçi kimi fəaliyyət göstərəcək.
Layihə, Azərbaycanın qabaqcıl EdTech Rəqəmsal Transformasiya şirkəti olan Edumedia Azərbaycan tərəfindən satın alınıb. Bu alət artıq Təhsil Nazirliyi tərəfindən təsdiqlənmək üçün təqdim olunmuş və ilkin mərhələdə orta məktəblərin birində pilot tətbiqdən uğurla keçmişdir. Nəticə olaraq, Tuning Fork elektron tədris vasitəsi kimi ölkənin orta məktəblərində musiqi dərslərinə əlavə tədris vasitəsi olaraq istifadəyə verilməsi planlaşdırılıb.
Bu exit, Tuning Fork-un Azərbaycanın ilk elektron tədris vasitəsi və exit edən ilk startup-ı kimi ölkə innovasiya tarixində mühüm bir dönüm nöqtəsinə çevrilməsini təmin etdi.
Dilarə Rüstəmzadə, 2012-ci ildən etibərən bu startup üzərində çalışır. Ölkənin ilk qadın startup təsisçisi olaraq dünyanın qabaqcıl startup yarışmalarında və tədbirlərində uğurla təmsil edib. Bu layihə ilə Dilarə Rüstəmzadə "Yeni Fikir" və "İdeya Qazandı" kimi startup yarışmalarının qalibi olmuş, jurilər tərəfindən xüsusi ilə təltif olunmuşdur.
Bu nailiyyət yalnız qadınların texnologiyada liderlik imkanlarını deyil, həm də Azərbaycanın innovasiya və təhsil sahəsindəki potensialını nümayiş etdirir.
Elçin Əlixan
Milli.Az