Suriya kəşfiyyatında yeni GÜC: Əhməd Dalati kimdir?

6 İyul 2025 12:24

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya siyasi səhnəsində ön plana çıxan şəxslərdən biri keçmiş "Əhrar əş-Şam" komandiri Əhməd əd-Dalatidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri türkiyəli siyasi ekspert Əmrə Öztürk deyib.

O bildirib ki, "Əbu Məhəmməd əş-Şami" ləqəbi ilə tanınan Dalati hazırda həm yeni hökumətin, həm də Qərb kəşfiyyat orqanlarının yaxından izlədiyi və əlaqə saxladığı əsas fiqurlar arasında yer alır:

"Fransanın "Intelligence Online" nəşrinin məlumatına görə, o, ABŞ sanksiyalarının qaldırılması prosesində də gizli vasitəçi kimi çıxış edib. Dalati mart ayında Dürzi və qəbilə əhalisinin çoxluq təşkil etdiyi Kuneytra vilayətinə qubernator təyin edilib. Az sonra isə qonşu Süveyda bölgəsində təhlükəsizliyə cavabdeh şəxs olub.

Güney Suriyada İsraillə artan gərginliyi azaltmaq üçün israilli hərbi və kəşfiyyat komandirləri ilə təmaslarda olan Dalati, eyni zamanda, Əhməd əş-Şaranın ən çox güvəndiyi şəxs hesab edilir.

Qeyd edək ki, o, 2015-ci ildə İdlibin Əsəd rejimindən alınmasından sonra ABŞ və Fransa kəşfiyyat orqanları tərəfindən "Əsəd sonrası potensial lider" kimi qiymətləndirilib. Dalati 2024-cü ildə Əsəd rejiminin süqutu ilə nəticələnən əməliyyatların əsas planlayıcısı olub və Hələb, Həma, Xüms və Dəməşqdə eyni vaxtda keçirilən hücumların koordinasiyasını həyata keçirib.

Milli.Az