Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 2025-ci ilin yanvar-iyun ayları ərzində sahibkarların və potensial biznes subyektlərinin iştirakı ilə Bakıda və regionlarda 68 sahəvi və maarifləndirici görüş keçirilib.
1400-dən çox sahibkarın qatıldığı görüşlər maliyyə resurslarına çıxış, turizm, heyvandarlıq, çayçılıq, sənaye, reklam və digər sektorlar üzrə biznesin aktual ehtiyaclarına həsr olunub. Sahibkarların iştirak imkanlarını artırmaq məqsədilə bəzi görüşlər onlayn formatda baş tutub.
2025-ci ilin ikinci yarısında da sahəvi və maarifləndirici görüşlər davam etdiriləcək. Ay ərzində keçirilən görüşlər barədə sahibkarlar KOBİA-nın rəsmi internet saytından məlumat öyrənə bilərlər (https://smb.gov.az/az/events?slug=gorus).
Qeyd edək ki, müvafiq dövlət qurumlarının iştirakı ilə təşkil olunan belə görüşlər sahibkarlarla birbaşa ünsiyyətin genişlənməsinə, onların ehtiyac və təkliflərinin yerində öyrənilməsinə, mövcud dəstək mexanizmləri barədə məlumatlandırılmasına, eləcə də praktiki məsələlərin müzakirəsinə imkan yaradır. Bu görüşlər, eyni zamanda, sahibkarların bilik və bacarıqlarının artırılması, şəbəkələşməsi, dövlət-sahibkar əməkdaşlığının gücləndirilməsi baxımından da əhəmiyyətlidir. Görüşlərdə biznes subyektlərinin səsləndirdiyi təklif və fikirlər gələcəkdə yeni dəstək alətlərinin formalaşdırılması, qanunvericilik təşəbbüsləri baxımından da önəmlidir.
Milli.Az