İB Liseyi №6-nın şagirdi Zeynəb Allahverdiyeva Birləşmiş Krallıq, Avropa və ABŞ-ın tanınmış universitetlərindən qəbul alıb.
Milli.Az simsar.az-a istinadla xəbər verir ki, Z. Allahverdiyeva, İB Liseyi №6-nın fərqlənən məzunudur. O, elm və texnologiya sahəsində göstərdiyi yüksək nəticələr və beynəlxalq uğurları ilə dünyanın aparıcı universitetlərindən qəbul alaraq böyük nailiyyət əldə edib. Onun qəbul olunduğu universitetlərə aşağıdakılar daxildir: Imperial College London Biotexnologiya ixtisası üzrə; King's College London Biokimya ixtisası üzrə; QS 2025 reytinqində dünyada 40-cı yerdə duran Edinburq Universiteti; Bioloji Elmlər - Biotexnologiya ixtisası üzrə, dünyada 22-ci yerdə Mançester Universiteti Biotexnologiya (Şərəf Diplomu ilə) ixtisası üzrə; Maastricht Universiteti Rejenerativ Tibb ixtisası üzrə; Konnektikut Universiteti (UConn) Biotibbi Mühəndislik ixtisası üzrə; İllik 15.000 dollar dəyərində Global Excellence təqaüdü ilə Rutgers Universiteti Biotibbi Mühəndislik ixtisası üzrə; Massaçusets Universiteti, Boston Kompüter Elmləri və Biznes Analitikası ixtisası üzrə, 10,000 dollar məbləğində təqaüdlə; İllinoys Universiteti, Çikaqo (UIC) Biotibbi Mühəndislik ixtisası üzrə; Z. Allahverdiyevanın uğurları yalnız akademik göstəricilərlə məhdudlaşmır. O, Azərbaycanın adını beynəlxalq arenalarda dəfələrlə layiqincə təmsil edərək bir sıra mühüm nailiyyətlərə imza atıb. Bunlardan misal olaraq, STEM Olimpiadasında 2022-də onlayn mərhələdə və Almaniyanın Frankfurt şəhərində keçirilən final mərhələsində riyaziyyat və təbiət elmləri üzrə iki qızıl medal qazanmasını qeyd etmək olar. Bundan əlavə o, STEM Olimpiadası 2023-də Fransanın Paris şəhərində keçirilən final mərhələsində təbiət elmləri üzrə bir gümüş və riyaziyyat üzrə bir bürünc medal qazanıb. Zeynəbin uğurları bununla da bitmir. O, Copernicus Olimpiadasında onlayn şəkildə təbiət elmləri üzrə bir gümüş medal, History Bee and Bowl müsabiqəsinin Bakı mərhələsində uğurla iştirak edərək İsveçrənin Bazel şəhərində keçiriləcək beynəlxalq finala vəsiqə də qazanıb. Z. Allahverdiyeva aldığı qəbul məktubları, təqaüdlər və beynəlxalq medallarla Azərbaycanı təmsil edən ən parlaq və perspektivli gənc alimlərdən biri kimi önə çıxır. Onun elmə, biotexnologiyaya və fənlərarası yeniliklərə olan marağı gələcəkdə böyük uğurların təməlini qoyur.
Milli.Az