Həkim xəbərdarlıq etdi: Bu xəstəlik səssizcə insanı kor edə bilər

3 İyul 2025 10:45

Göz xəstəlikləri üzrə mütəxəssis cərrah Mehmet Sait Günerigök bildirib ki, xalq arasında "göz təzyiqi" kimi tanınan qlaukoma çox zaman heç bir əlamət vermədən irəliləyir və nəticədə qalıcı görmə itkisinə səbəb ola bilər.

Milli.Az xəbər verir ki, qlaukoma göz daxilində təzyiqin artması ilə göz sinirlərinin zədələnməsi nəticəsində yaranır. Ən təhlükəli tərəfi isə odur ki, bu xəstəlik uzun müddət heç bir əlamət göstərmir.

VM Medical Park Bursa Xəstəxanasının həkimi Günerigök deyib: "Əksər insanlar yalnız görmələri zəiflədikdə və ya görmə sahəsində daralma olduqda həkimə müraciət edirlər. Amma bu mərhələyə gəldikdə artıq göz sinirləri ciddi şəkildə zədələnmiş olur və bu zədələr bərpa olunmur."

Qlaukoma hər yaşda rast gəlinə bilər, amma xüsusilə 40 yaşdan yuxarı olanlar, ailəsində bu xəstəlik olanlar, şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkənlər, həmçinin uzun müddət kortizon dərmanları qəbul edənlər daha çox risk altındadır.

Həkim Günerigök vurğulayıb ki, "Xüsusilə risk qrupundakı insanlar ildə bir dəfə genişləndirilmiş göz müayinəsindən keçməlidirlər. Bu, həyat qurtara bilər."

Qlaukoma erkən aşkarlanarsa, görmə itkisi önlənə bilər. Diaqnoz üçün göz daxili təzyiqin ölçülməsi, görmə sahəsinin testi və göz sinirinin müayinəsi kimi üsullardan istifadə olunur. Müalicədə göz damcıları, lazer tətbiqləri və cərrahi müdaxilələr yer alır. Həkimin sözlərinə görə, son illər geniş yayılan tikişsiz GATT əməliyyatı da uyğundur pasiyentlərdə müsbət nəticələr verir. Amma hansı müalicə üsulu seçilməsindən asılı olmayaraq, dərmanların vaxtında və düzgün istifadəsi, həmçinin mütəmadi həkim nəzarəti vacibdir.

Dr. Günerigök əlavə edib ki, göz sağlamlığı yalnız görməni deyil, ümumi həyat keyfiyyətini də əks etdirir. Onun sözlərinə görə, "Qlaukoma dünyada qarşısı alınan korluq səbəbləri arasında ilk sıralarda yer alır. Buna görə də göz müayinələrini yalnız görmə üçün deyil, sağlam bir həyat üçün də laqeyd yanaşmamaq lazımdır."

İsmayıl
Milli.Az