Plov qazanında telefon keçirdi

2 İyul 2025 18:14

Bakıda gənc qız istintaq təcridxanasında saxlanılan nişanlısı üçün mobil telefon keçirərkən yaxalanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında baş verib.

Bakı şəhər sakini Nərminə Süleymanova 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilmiş nişanlısı ilə görüşə gəlib. O, özü ilə gətirdiyi qazanda, plovun altında iki ədəd mobil telefonu təcridxanaya keçirərək nişanlısına vermək istəyib.

Qadın həmin telefonları yoxlama nəzarətindən gizlədərək təcridxanaya keçirsə də, görüş otağında yaxalanıb. Əməliyyat məlumatı əsasında təcridxana nəzarətçiləri görüş otağında axtarış apararkən N.Süleymanovanın gətirdiyi plovun içərisindən hər iki mobil telefonu aşkar ediblər.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə N.Süleymanovaya altı ay müddətinə islah işləri cəzası təyin edilib.

Milli.Az