Qara Qarayev haqqında yeni kitab yazılır

2 İyul 2025 12:28

Azərbaycan futbolunun tanınmış siması, "Araz-Naxçıvan" futbol klubunun və milli komandanın təcrübəli üzvü Qara Qarayevin həyatı haqqında bioqrafik kitab yazılır.

Bu məqsədlə bu gün Qara Qarayev və TEAS Press Nəşriyyat Evinin rəhbəri Nicat İbrahimov arasında görüş keçirilib. Tərəflər arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb.

Beləliklə, layihəyə rəsmi şəkildə start verilib. Kitabın müəllifliyi isə Türkiyənin tanınmış idman yazarı və jurnalisti Murat Aksoya həvalə edilib. Əsərin çapı da Türkiyədə olacaq. Kitabda Qara Qarayevin peşəkar futbol karyerası ilə yanaşı, onun şəxsi düşüncələri, həyat fəlsəfəsi və milli futbolumuzdakı rolu da geniş şəkildə əks olunacaq. 
Görüş zamanı layihənin həm ölkə futboluna, həm də kitabın ictimai təbliğinə verəcəyi töhfələr xüsusi  vurğulanıb. 

Qara Qarayev: "Bu bir yoldur... Mən hər oyunda, hər məşqdə, hər qərarda ailəmin, xalqımın və komandamın etimadını daşıyıram. Ruhumun, düşüncələrimin və futboldakı yolumun izini TEAS Press Nəşriyyat Evi qələmə alaraq gələcək nəsillərə çatdırmaq istədi. Bu təklif mənim üçün gözlənilməz idi, amma bir o qədər də sevindirici və dəyərli oldu. İnanıram ki, bu kitab gənc futbolçular üçün bir işıq və  yol xəritəsi olacaq.

Çünki bu hekayə təkcə mənim yox, inanmaqdan və əzmli olmaqdan vaz keçməyən hər bir gəncin hekayəsidir. Çətinliklərə baxmayaraq, doğru dəyərlərlə, vicdanla və əzmlə istənilən yolu  qət etmək mümkündür".

Milli.Az