Rusiyada Nailə Allahverdiyevanın həbsinə dair qərar ləğv edildi - yenilənib - FOTO

1 İyul 2025 18:47

18:47

Rusiyanın Perm Diyar Məhkəməsi Müasir İncəsənət Muzeyinin (PERMM) keçmiş direktoru, art-menecer və rəssam Nailə Allahverdiyevanın həbs edilməsinə dair çıxarılan qərarı ləğv edib.

Oxu.Az bu barədə RBK-ya istinadla xəbər verir.

Bununla da Perm Diyar Məhkəməsi Allahverdiyanın vəkilinin birinci instansiya məhkəməsinin çıxardığı qərarla bağlı şikayətini təmin edib.

Onun vəkilinin sözlərinə görə, məhkəmənin Allahverdiyevanın barəsində həbs qərarı əsassız olub. Qeyd olunub ki, Allahverdiyeva 2024-cü il dekabrın 8-də Rusiyanı tərk edib, cinayət işi isə bu il martın 24-də açılıb. Buradan belə nəticə çıxır ki, onun köçməsi heç bir halda cinayət təqibi ilə bağlı deyil.

Müdafiə tərəfi əlavə edib ki, müstəntiqlər muzeyin keçmiş direktoru ilə əlaqə saxlamaq üçün kifayət qədər addım atmayıb.

---------
17:32

Rusiya məhkəməsi Perm Müasir İncəsənət Muzeyinin (PERMM) keçmiş direktoru, art-menecer və rəssam Nailə Allahverdiyevanı beynəlxalq axtarışa verib, həmçinin o, qiyabi həbs edilib.

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, həbs qərarını Rusiyanın Perm şəhərinin Dzerjinski Rayon Məhkəməsi çıxarıb.

Qeyd olunur ki, N.Allahverdiyevaya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 148-ci (Cəmiyyətə açıq-aşkar hörmətsizliyi ifadə edən və dindarların dini hisslərini təhqir etmək məqsədilə törədilən ictimai hərəkətlər) maddəsi ilə cinayət işi açılıb.

Bir sıra KİV-in məlumatına görə, məhkəmə araşdırmasının predmeti N.Allahverdiyevanın muzeyin kolleksiyasında olan bir neçə əsərin sərbəst şəkildə nümayişinə icazə verməsi olub.

Belə ki, Perm Prokurorluğu məhkəmə vasitəsilə N.Allahverdiyevanın işdən azad edilməsinə nail olub. Bundan əvvəl, 2024-cü ilin dekabrında o, öz xahişi ilə muzeyin direktoru vəzifəsindən azad edilib. Onu da əlavə edək ki, N.Allahverdiyeva 2013-cü ildə YARAT Müasir İncəsənət Məkanının təşkil etdiyi PARTICIPATE layihəsində iştirak edib. Bundan əlavə, o, Yekaterinburq, Perm və Rusiyanın digər şəhərlərində kurator layihələri ilə tanınır.

 

Milli.Az