“Call for scores” müsabiqəsinin yekun konserti keçirilib - FOTO

1 İyul 2025 14:10

Cadenza orkestri Beynəxalq Muğam Mərkəzində "Yaz və yay #2" adlı növbəti konsertini keçirib. 

Konsertdə Bakı Müasir Musiqi Cəmiyyəti və Cadenza Orkestrinin birgə layihəsi olan və partitura qiraəti vorkşopu üçün nəzərdə tutulmuş "Call for scores 3"  və "Call for scores 4" müsabiqəsinin qalibləri - Francesco Sottilenin (İtaliya) "De qualche parte" və Wen Ziyangın "Flowing shadow" əsərləri ilə yanaşı, müsabiqənin ən çox bal toplayan əsərlərindən biri Kostas Zisimopoulosun "NYSA" əsəri və müsabiqədən kənar italyan bəstəkar Daria Baiocchinin "Connection II" əsəri ifa olunub. Əsərlər Cadenza orkestrinin üzvləri Mirxalid Məmmədzadə (fleyta), Afaq Qarayeva (piano), Nicat Feyziyev (violin), İlqar Rzayev (viola), Asim Xəlilov (violonçel), Məhəmmədəli Paşazadə (klarnet),  Məmməd Rəcəbli (klarnet), Kamil Hüseynzadənin (vibrofon) ifasında Samir Əsədovun dirijorluğu ilə səslənib. 

Qeyd edək ki, "Call for scores" müsabiqəsi Azərbaycanda ilk dəfə olaraq 2021-ci ildən etibarən hər il keçirilir və dünyanın bir çox ölkəsindən - ABŞ, Macarıstan, Serbiya, Yunanıstab, İtaliya, İspaniya, Argentina, Çin, Meksika, Ukrayna, Hollandiya, Türkiyədən bəstəkarlar iştirak edir. 

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az