Türkiyədə bir neçə gündür davam edən güclü meşə yanğınları bir çox bölgəni əhatə edib.
Milli.Az xəbər verir ki, Sakarya-Bilecik sərhədində 35 km əraziyə yayılan və 16 yaşayış məntəqəsinin təxliyəsinə səbəb olan yanğın nəzarət altına alınıb. Bir neçə kənd tamamilə yanaraq külə dönüb.
İzmirin Menderes, Seferihisar və Gaziemir rayonlarında başlayan yeni yanğınlara qarşı genişmiqyaslı müdaxilə davam edir. Gaziemirdəki yanğın səbəbilə Adnan Menderes hava limanında uçuşlar müvəqqəti dayandırılıb. İzmir Valisi 3 kəndin təxliyə edildiyini, tələfat olmadığını, bir neçə nəfərin isə tüstüdən təsirləndiyini bildirib. Buca rayonunda yanğını qəsdən törətdiyi iddia edilən bir nəfər saxlanılıb.
Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı bildirmişdir ki, bir gündə 77 yanğın baş verib, iyun ayından bəri isə ümumilikdə 1459 yanğına müdaxilə olunub. Nazir bu cinayətlərə qarşı ciddi cəza tədbirlərinin mövcud olduğunu vurğulayıb.
Bursa, Edirne, Mersin, Manisa, Mardin, Osmaniye və Antalyada da yanğınlar davam edir. Aydın Didimdə 20 hektarlıq sahə yanıb, lakin alov nəzarət altına alınıb.
Ümumilikdə 17 nəfər şübhəli şəxs saxlanılıb. Yanğın təhlükəsi səbəbindən Bilecikdəki Gölpazarı açıq həbsxanası təxliyə olunub.
Asya
Milli.Az