Bodrumun gizli keçmişi: Adı haradan gəlir, tarixi nələr danışır?

28 İyun 2025 17:23

Türkiyənin məşhur turizm bölgələrindən olan Bodrum təkcə mavi dənizi və canlı gecə həyatı ilə deyil, həm də minilliklərə söykənən zəngin tarixi və maraqlı adı ilə diqqət çəkir.

Milli.Az tarixi faktlara istinadən xəbər verir ki, Bodrum adı qədim dövrlərə gedib çıxır.

Tarixçilərin fikrincə, bu ad latınca "Petronium" sözündən yaranıb. XV əsrdə bu bölgədə Hospitaller cəngavərləri tərəfindən tikilmiş St. Peter qalası (San Pietro) həmin dövrdə bölgənin adlandırılmasına təsir edib. Zamanla bu ad türklər tərəfindən "Bodrum" kimi tələffüz olunmağa başlayıb və günümüzə qədər gəlib çıxıb.

Tarix boyu Bodrum bir çox mədəniyyətlərə ev sahibliyi edib. Qədim dövrlərdə Halikarnas adı ilə tanınan bu şəhər, e.ə. IV əsrdə Kariya Krallığının paytaxtı olub. Halikarnassosun ən məşhur hökmdarı Kral Mausolos adına inşa edilmiş Mavzoley dövrünün ən möhtəşəm tikililərindən biri hesab olunurdu və Dünyanın yeddi möcüzəsi siyahısına daxil edilmişdi.

Bodrum həmçinin tarixçi Herodotun doğulduğu yer kimi tanınır. Şəhər XV əsrdə Səlibçilər tərəfindən ələ keçirilib və strateji əhəmiyyət daşıyan St. Peter qalası tikilib. 1522-ci ildə Osmanlı imperiyasının tərkibinə daxil olan bölgə uzun illər dənizçilik və süngərçiliyin mərkəzi olub.

Bu gün isə Bodrum tarixiabidələri, müasir turizm infrastrukturu və mədəni zənginliyi ilə hər il yüz minlərlə turisti cəlb edir.

Kənan
Milli.Az