"Melaniya Tramp ABŞ vizasını qeyri-qanuni yolla alıb" - Qalmaqallı ittiham - FOTO

27 İyun 2025 13:25

ABŞ-ın birinci xanımı Melaniya Trampın ABŞ vizasını qanunsuz şəkildə aldığı iddia olunur.

Milli.Az xəbər verir ki, bu barədə Demokratlar Partiyasının nümayəndəsi, konqresmen Jasmin Kroket Konqresdə keçirilən müzakirələr zamanı açıqlama verib.

Konqresmen Kroket bildirib ki, Melaniya Trampa 2001-ci ildə verilmiş EB-1 kateqoriyalı viza, yalnız beynəlxalq səviyyədə tanınmış şəxslərə - Nobel və ya Pulitzer mükafatı laureatlarına, görkəmli alimlərə, elm, incəsənət və idman sahəsində fövqəladə bacarıqlara malik olanlara təqdim olunur. Lakin Kroketin fikrincə, Trampın həyat yoldaşı bu şərtlərə cavab vermirdi:

"Melaniya Tramp model idi, amma Tayra Banks və ya Sindi Krauford kimi sənaye miqyasında tanınan bir sima deyildi. Bu vizaya uyğun deyildi və onun bu statusu əldə etməsi hüquqi cəhətdən ciddi suallar doğurur", - deyə Kroket bildirib.

Jasmin Kroket eyni zamanda Respublikaçıları ikili standart tətbiq etməkdə ittiham edib:

"Onlar adi miqrantlara qarşı sərt qaydalar tələb edir, amma Trampa yaxın olanların vizanı necə aldığına göz yumurlar. Bu, ikili standartın bariz nümunəsidir."

Məlumat üçün bildirək ki, EB-1 vizası ictimaiyyətdə "Eynşteyn vizası" kimi tanınır. Bu viza, ABŞ-ın ən nüfuzlu immiqrasiya proqramlarından biridir və yalnız seçilmiş şəxslərə verilir.

Fidan
Milli.Az