100 manata 9 sm boy uzanması: Azərbaycanda yeni dələduzluq?

25 İyun 2025 12:00

"Cəmi 100 manat ver, 9 santimetrə qədər boyunu uzadaq. Aparatla ağrısız və əməliyyatsız boy artımı".

Milli.Az xəbər verir ki, son vaxtlar sosial şəbəkələrdə belə elanlar paylaşılır.

Bir çoxlarının marağına səbəb olan bu elanlar nə dərəcədə realdır? 

Həmin elan sahibi ilə əlaqə saxladığımız zaman onlar bildirdi ki, 5-30 yaş arası hər kəsdə boy artımı bu aparatla mümkündür:

"Aparatı onurğa və ayaq nayihəsinə qoşuruq implus ötürərək boy hormonlarınızı aktivləşdiririk. Bir seansda 2-3 sm boy artımı olur. Toplam 3 seansın axırında max boyunuzda 8-9 sm artım olacaq. Bu seansların heç bir əks təsiri yoxdur". 

Məsələ ilə bağlı uzman həkim Zöhrə Haşımova bildirir ki, boy ya idmanla, ya da uşaq yaşlarında verilən boy hormonu ilə ya da sümük əməliyyatı ilə arta bilər. 

Onun sözlərinə görə, sadəcə bir aparatla 9 sm-dək boy uzatmaq mümkün deyil:

"17-18 yaşdan sonra hormonlarla boy uzanmasını həyata keçirmək reallığı əks etdirmir". 

Həkimlərin belə xəbərsiz olduğu bu aparatın istifadəsi ilə bağlı rəsmi icazənin ölkədə qeydiyyatı mövcuddurmu? 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən qeyd olunan müalicə üsulunun və həmin aparatın araşdırılacağı, nəticəsi barədə məlumat veriləcəyi bildirilib.

Aysel Əkbər
Milli.Az