İyunun 23-də YAP Binəqədi rayon təşkilatının inzibati binasında vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyası keçirilib.
Aksiyanı giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, hazırda ölkəmizdə ictimai həyatın bütün sahələrində geniş islahatlar gedir. Bu istiqamətlərdən biri də hüquqi qanunvericilik, hüquq maarifçiliyi, vətəndaşların hüquqlarının reallaşması sahəsində şəffaflıq mühitinin yaradılmasıdır.
Millət vəkili Kamaləddin Qafarov qeyd edib ki, Azərbaycan Respublikası Milli Məclisinin bu təşəbbüsü təqdirəlayiqdir, hər vasitə ilə geniş təbliğ olunmalı və vətəndaşlarla ikitərəfli əlaqələrin ayrılmaz tərkib hissəsinə çevrilməlidir. Seçicilərin pulsuz hüquqi xidmətə, ölkədə gedən böyük quruculuq prosesinə hüquqi cəhətdən dəstək verməsinə hər vasitə ilə yardım olunmalıdır. Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinin Binəqədi sakinləri ilə görüşə gəlməsi, düşünürük ki, yaxşı bir ənənəyə çevriləcədir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova seçicilərə pulsuz hüquqi yardımın göstərilməsini rayonun ictimai-siyasi həyatında mühüm bir hadisə kimi dəyərləndirib.
O, bildirib ki, hüquqşünaslarımız sakinlərin illərdən bəri davam edən hüquqi problemlərin, ev, mənzil, mülkiyyət sahəsində mürəkkəb məsələlərin həllində yaxından yardım edəcəklər.
Sonra hüquqşünqslar Nuriyyə Abbasova və Gülgün Kərimova sakinlərin arzu və istəklərini dinləyib , qarşılaşdıqları problemlərin hüquqi cəhətdən həll yollarını göstəriblər. Vəkillər bildirib ki, bu tədbirdə seçicilər tərəfindən qaldırılan məsələlərin sona qədər həll olunmasına çalışacaqlar. Aksiyada mənzil qeydiyyatı, evlərin qazlaşdırılması, su və işıq çəkilməsi, bank problemləri, vərəsəlik qaydaları və digər məsələlərlə bağlı vətəndaşların onlarla sorğusu operativ şəkildə cavablandırılıb və bununla bağlı müvafiq sənədləşmə qaydaları icra edilib.
Binəqədi sakinləri aksiyanın keçirilməsindən razılıqlarını bildirmişlər.
Milli.Az