Azərbaycan bazarlarında ən bahalı gilas - Öküzürəyi niyə "qızıl" qiymətinədir?"

24 İyun 2025 10:00

Azərbaycanda yay mövsümünün sevilən meyvələrindən olan gilasa tələbat hər il artmaqda davam edir. Lakin bazarlarda diqqət çəkən məqamlardan biri də bəzi gilas növlərinin xüsusilə də "öküzürəyi" adlandırılan gilasın digərlərinə nisbətən xeyli baha qiymətə satılmasıdır.

Bəs öküzürəyi gilası niyə digər növlərdən daha bahadır?

Milli.Az xəbər verir ki, mütəxəssislər bu qiymət fərqini bir neçə amillə izah edirlər.

Öküzürəyi gilası iri ölçüsü və ətli quruluşu ilə seçilir. Adını da məhz meyvənin öküz ürəyinə bənzəyən formasından alır. Alıcılar üçün həm görünüş, həm də dad baxımından cəlbedici olan bu növə bazarda xüsusi tələbat var. Bu gilas növü digərlərinə nisbətən daha az məhsul verir, yəni ağacdan toplanan gilasa miqdar baxımından qənaətbəxş səviyyədə çatmaq olmur. Məhsuldarlığın aşağı olması və məhdud mövsümdə yetişməsi də qiymət artımına səbəb olan əsas faktorlardandır.

Kənd təsərrüfatı üzrə mütəxəssislər bildirirlər ki, öküzürəyi gilası becərilməsi daha çox zəhmət və diqqət tələb edən bir növdür. İqlim dəyişikliklərinə və zərərvericilərə qarşı daha həssasdır, bu da məhsul itkisi riskini artırır. Risk yüksək olduqda isə, məhsulun qiyməti də paralel olaraq artır. Bu növün dad keyfiyyəti və aromatik dəyəri də onu bazarda "premium" kateqoriyaya çıxarır. Bir çox restoran və otellər məhz bu növü seçir, ixrac üçün də əlverişli hesab olunur.

Qeyd edək ki, öküzürəyi gilası yalnız dadına görə deyil, yetişdirilmə şərtləri, məhsuldarlığı və bazar dəyərinə görə də digər növlərdən fərqlənir.

Aysel Əkbər
Milli.Az