Kondisioner alarkən bu nüanslara diqqət edin

24 İyun 2025 03:03

Yay mövsümünün gəlişi ilə kondisionerə tələbat da artır. Lakin kondisioneri düzgün seçim etmədikdə həm enerji sərfiyyatı artır, həm də istədiyiniz komforta nail ola bilmirsiniz.

Bəs kondisioner alarkən nələrə diqqət etməliyik? 

Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kondisioner alarkən bir neçə vacib amili nəzərə almaq lazımdır.

İlk növbədə diqqət yetirilməli olan məsələ kondisionerin gücüdür. Bu, birbaşa otağın kvadratmetrinə uyğun seçilməlidir. Mütəxəssislər bildirirlər ki, orta hesabla 10-15 m² sahəsi olan otaq üçün 9 000 BTU, 20-30 m² üçün 12 000 BTU, daha böyük sahələr üçün isə 18 000 və ya 24 000 BTU gücündə kondisionerlər tövsiyə olunur.

Son illərdə geniş yayılan inverter tipli kondisionerlər enerjiyə qənaət etməklə yanaşı, daha stabil temperatur saxlayır və kompressoru tez-tez işə salıb-dayandırmadığı üçün daha az səs-küylü və davamlı olur. İqtisadi baxımdan A++ və A+++ enerji sinifinə aid modellər daha sərfəlidir. Eyni zamanda kondisionerin səs səviyyəsi də önəmlidir - xüsusilə yataq və uşaq otaqları üçün 30-40 dB səviyyəsində səs yayan modellər daha uyğundur.

Azərbaycanın bəzi bölgələrində yayda temperatur +40°C-yə qədər yüksələ bilir. Bu baxımdan kondisionerin yüksək temperaturda effektiv işləməsi vacibdir. Həmçinin ionizator, hava təmizləyici filtrlər, Wi-Fi idarəetmə kimi əlavə funksiyalar da seçim zamanı nəzərə alınmalıdır.

Ekspertlər kondisioneri yalnız rəsmi servis tərəfindən quraşdırmağı tövsiyə edirlər. Yanlış quraşdırma cihazın həm funksionallığını azaldır, həm də zəmanəti etibarsız edə bilər.

Mütəxəssislər qeyd edir ki, bəzi hallarda ucuz modellər ilkin baxışda sərfəli görünsə də, uzunmüddətli istifadə baxımından əlavə xərclərə səbəb ola bilər. Keyfiyyətli və tanınmış markalara üstünlük vermək tövsiyə olunur.

Asya
Milli.Az