İran səmasında gərginlik: İsrailin “Hermes” PUA-sı vuruldu - VİDEO

23 İyun 2025 10:48

İsrailin Müdafiə Qüvvələri (IDF) hərbi hava qüvvələrinə məxsus "Hermes" tipli pilotsuz uçuş aparatının İranın qərbində, Xorramabad bölgəsində vurulduğunu təsdiqləyib.

Milli.Az xəbər verir ki, bu barədə "Times of Israel" nəşri məlumat yayıb.

IDF-in rəsmi açıqlamasında bildirilib:

"Əməliyyat zamanı Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı İran ərazisində vurulub. Hazırda hər hansı informasiya sızması və ya təhlükəsizlik riski yoxdur".

Qeyd edək ki, hadisədən öncə İran mediası "Hermes" PUA-sının vurulma anına dair görüntüləri yayımlamışdı.

Xatırladaq ki, 13 iyun səhərində İsrail İrana qarşı genişmiqyaslı hava hücumu həyata keçirib. Zərbələr nəticəsində bir sıra yüksək rütbəli hərbi şəxslər, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, SEPAH-ın baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının rəhbəri Qulaməli Rəşid və altı nüvə alimi həlak olub.

Həmin günün axşam saatlarında İran "Həqiqi Vəd III Əməliyyatı" ilə cavab verərək İsrailin müxtəlif şəhərlərini, o cümlədən Tel-Əvivi yüzlərlə ballistik raket və PUA ilə hədəfə alıb. Hücum nəticəsində mülki itkilər və ciddi dağıntılar qeydə alınıb.

Kənan
Milli.Az