ABŞ-dan Hörmüz boğazı qərarına sərt reaksiya: "Böyük bədəl ödəyəcək"

23 İyun 2025 09:40

İran parlamentinin Hörmüz boğazının bağlanmasını təsdiqləməsi beynəlxalq aləmdə ciddi narahatlıq doğurub.

Milli.Az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bu addıma kəskin reaksiya verib.

O bildirib ki, boğazın bağlanması ilk növbədə Çinə ağır zərbə vura bilər.

CBS telekanalında yayımlanan "Face the Nation" proqramında çıxış edən Rubio deyib:

"Çinin neft tədarükünün böyük hissəsi Hörmüz boğazından keçir. İran bu keçidi bağlayarsa, ilk olaraq Çin zərər çəkəcək. Bu, onların çox ağır bədəl ödəyəcəyi bir vəziyyət olacaq. Eyni zamanda, digər ölkələrə də təsir edəcək".

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Məhəmməd Kevseri isə bildirib ki, qərar parlamentdə təsdiqlənsə də, yekun söz Milli Təhlükəsizlik Ali Şurasına məxsusdur.

Qeyd edək ki, Hörmüz boğazı İran və Oman arasında yerləşir və Fars körfəzini açıq dənizlərlə birləşdirir. ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, bu boğazdan gündəlik təxminən 20 milyon barel neft nəql olunur. Bu, qlobal neft təchizatının təxminən dörddə birini təşkil edir.

Beynəlxalq Enerji Agentliyi də bu məsələyə reaksiya verərək boğazın bağlanmasının qlobal enerji bazarına ciddi təsir göstərə biləcəyini açıqlayıb. Ekspertlər bildirirlər ki, bu addım neftin qiymətini 100 dolları keçən səviyyəyə yüksəldə bilər.

Fidan
Milli.Az