İsrail İranda F-5 qırıcılarını, raket qurğularını və SEPAH silah anbarlarını vurdu

22 İyun 2025 12:02

İsrail Hərbi Hava Qüvvələri İranın qərb bölgəsində yerləşən hərbi obyektlərə növbəti zərbələr endirib.

Milli.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) rəsmi məlumat yayıb.

Açıqlamaya görə, zərbələr nəticəsində İran Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd F-5 tipli qırıcı təyyarə və 8 raket buraxılış qurğusu məhv edilib. Bununla yanaşı, Təbriz şəhəri yaxınlığında yerləşən SEPAH-a (İranın İnqilab Keşikçiləri Korpusu) məxsus silah anbarları da hədəfə alınıb və dağıdılıb.

İsrail tərəfi bildirib ki, əməliyyatlar İranın İsrail ərazisinə yönələn mümkün hücumlarının qarşısını almaq məqsədi daşıyır. Daha əvvəl də IDF, İranda raket buraxılış sistemlərinə qarşı hava zərbələrinin endirildiyini açıqlamışdı.

Qeyd olunur ki, zərbələrin nəticələri ilə bağlı tam məlumat əldə etmək mümkün deyil. İran daxilində internetə çıxışda məhdudiyyətlərin olması səbəbindən itkilər və dağıntılar barədə ətraflı məlumat yayılmayıb.

Hazırda bölgədə vəziyyət olduqca gərgindir və qarşılıqlı hərbi cavabların davam edəcəyi istisna edilmir.

Kənan
Milli.Az