Bakıda maşınların benzinə görə ustalarda qalma səbəbləri bilindi

20 İyun 2025 16:36

Azərbaycanda sürücülər arasında geniş yayılmış bir vərdiş var: benzin tapançası "klik" səsi verəndən sonra da yanacaq vurmağa davam etmək. Bəziləri bunu ödənişin yuvarlaq rəqəm olmasını istədiyi üçün edir, digərləri isə çənin "tam dolduğuna" əmin olmaq istəyir. Amma bu vərdiş, əslində, avtomobilin yanacaq sisteminə ciddi ziyan vura bilər.

Yanacaq tapançası "klik" edəndə bu, çənin dolduğunu göstərir. Bu mərhələdən sonra əlavə yanacaq vurmaq, sistemdəki hava boşluğuna və EVAP sisteminə (yanacaq buxarlarının idarə olunması üçün nəzərdə tutulan sistem) zərər vurur. EVAP sistemində problem yarandıqda, "Check Engine" siqnalı yanmağa başlayır və nəticədə əlavə texniki xərclər ortaya çıxır.

Digər tərəfdən, sürücülər arasında "sonra vuraram" düşüncəsi ilə çəni həddindən artıq boş buraxmaq da təhlükəlidir. Çünki yanacaq nasosu çənin içindəki benzinlə soyuyur. Yanacaq səviyyəsi çox aşağı olduqda, bu soyuma prosesi pozulur, nasos qızır və sıradan çıxa bilər. Üstəlik, çənin dibindəki çöküntülər də bu zaman nasosa çəkilə, filtrləri tutub sistemdə nasazlıqlara səbəb ola bilər.

Yəni nə çəni tam boşaltmaq, nə də tapançadan sonra əlavə yanacaq vurmaq düzgündür. Ən sağlam yanaşma - çəni heç vaxt yarıdan az vəziyyətdə saxlamamaq və "klik" səsi eşidilən kimi dolumu dayandırmaqdır.

Bu kimi sadə qaydalara əməl etməklə, avtomobilinizin yanacaq sistemini qorumaqla yanaşı, cibinizə əlavə yük də salmamış olarsınız.

İslam
Milli.Az