Prezident Azərbaycanla Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Sazişi təsdiq etdi

20 İyun 2025 13:11

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Fərmana əsasən 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş" təsdiq edilib.

Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Milli.Az