Bakı sakinləri üçün mühüm YENİLİK – 21 il əvvəlki sistem qayıdır

20 İyun 2025 12:10

2025-2030-cu illəri əhatə edən dövlət proqramında Bakıda tramvay nəqliyyatının bərpası nəzərdə tutulur. Lakin mütəxəssislər və sakinlər bu ideyanın reallaşmasını hazırkı infrastruktur və yol sıxlığı səbəbindən çətin hesab edirlər. Bununla belə, bildirilir ki, tramvay sisteminin yenidən qurulması şəhərdə ekoloji nəqliyyatın təşviqi və yol hərəkətindəki yüklənmənin azaldılması baxımından mühüm üstünlüklər vəd edir.

Bakıda tramvay sisteminin bərpası nə dərəcədə realdır? Bu, hansı əraziləri əhatə edə bilər?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, Bakıda tramvayların fəaliyyəti mütləq bərpa olunmalıdır:

"Lakin bu, sadəcə dekorativ xarakter daşımamalı, turistlər üçün əyləncə vasitəsinə çevrilməməlidir. Tramvay şəhərin effektiv ictimai nəqliyyat vasitəsi kimi fəaliyyət göstərməlidir. Dövlət proqramında ilkin mərhələdə layihələndirmə işlərinin aparılması, daha sonra isə tramvayın növünün müəyyənləşdirilməsi planlaşdırılır".

Ekspert bildirib ki, tramvay xəttinin Mehdiabad qəsəbəsindən başlayaraq Azadlıq prospekti boyunca 28 May ərazisinə qədər uzanması nəzərdə tutulur:

"Bu ərazilərdə tramvay yolunun çəkilməsi ilə bağlı ciddi çətinlik görmürəm. Əvvəllər də Azadlıq prospekti və 28 May ərazisində tramvay xətləri olub. İndi həmin xətlərin bərpası texniki baxımdan mümkündür".

Qeyd edək ki, Bakı şəhərində tramvay sistemi 2004-cü ildə tamamilə ləğv edilib və relslər sökülüb.

Milli.Az