Mahmud Salahın 65 illiyinə həsr olunmuş bədii musiqili gecə keçirilib - FOTO

19 İyun 2025 23:00

Beynəlxalq Muğam Mərkəzində tanınmış ritm ustadı, pedaqoq, qaval ifaçısı Mahmud Salahın 65 illiyinə həsr olunmuş bədii musiqili gecə keçirilib. 

Gecə pedaqoqun həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlanıb. 
Yubiley tədbirində Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaşzadə çıxış edərək Mahmud Salahı məharətli qaval ifaçısı, Azərbaycan muğamlarının bilicisi, öz sənətini yeni nəslə yorulmadan təbliğ edən fədakar pedaqoq kimi səciyyələndirib. Rektor yubilyara xoş arzularını bildirərək, rəhbərlik etdiyi təhsil ocağının fəxri fərmanını ona təqdim edib. 

Xalq artistləri Vamiq Məmmədəliyev, Mənsum İbrahimov, AMK-nın kafedra müdiri Firudin Qurbansoy, bəstəkar, Əməkdar artist Vüqar Camalzadə çıxış edərək sənətkara yaradıcılıq uğurları arzulayıblar. Çıxışlarda yubilyar bu sənətdə öz dəsti-xətti olan ifaçı kimi qiymətləndirilib. 

Gecənin bədii hissəsində Mahmud Salahın tələbələrnin ifasında xalq mahnıları, muğam və təsniflər ifa olunub.

Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. 
Qeyd edək ki, Mahmud Salah Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Baba Salahovun rəhbərliyi ilə Azərbaycan Dövlət Televiziyası və Radiosunun Xalq Çalğı Alətləri ansamblında qoşanağara, Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və Opera və Balet Teatrının Simfonik Orkestrində qaval ifaçısı kimi çalışıb. 1988-ci ildən "Buta" instrumental muğam üçlüyünü, 2000-ci ildən isə "Qədim Şərq" muğam qrupunun yaradıcısıdır. UNESCO xətti ilə keçirilən bir sıra festivalların iştirakçısıdır. Rəhbərlik etdiyim qrupla Azərbaycan musiqisini Böyük Britaniya, Almaniya, ABŞ, Rusiya və digər ölkələrdə təmsil edib. Hazırda Azərbaycan Milli Konservatoriyasında "Muğam" kafedrasında xanəndələrə qaval ifaçılığından dərs deyir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az