Daha bir estetik faciəsi - Məşhur bloqer əməliyyat zamanı öldü - FOTO

19 İyun 2025 18:13

Mozambikli sosial media fenomeni Ana Barbara Buhr Buldrini İstanbuldakı özəl xəstəxanalardan birində keçirdiyi plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.

Milli.Az-ın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, yüz minlərlə izləyicisi olan Ana Barbara həyat yoldaşı, sənətçi və fenomen Elqar Sueia (DeHermes) ilə birlikdə reklam müqaviləsi və bal ayı üçün İstanbula səfər edib. Cütlük həm tətil, həm də iş məqsədilə may ayında Türkiyəyə yollanmışdı.

Ana Barbara İstanbulda yerləşən bir özəl xəstəxana ilə liposaksiya əməliyyatı üçün müqavilə imzalayıb. Lakin məlumatlara görə, əməliyyat planlaşdırılmış tarixdən iki gün əvvəl və tibbi hazırlıq tamamlanmamış şəkildə həyata keçirilib. Həyat yoldaşı bildirib ki, əməliyyat öncəsi ac qalmalı olan Ana Barbara əslində tox halda əməliyyata alınıb.

Əməliyyat zamanı ürək dayanması baş verib və 1 saat 30 dəqiqəlik reanimasiya cəhdlərinə baxmayaraq, gənc qadının həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxana bildirib ki, ölüm səbəbi ilə bağlı hüquqi proses başladılıb və məsələ aidiyyəti orqanlarla tam şəffaflıq əsasında araşdırılır.

Fidan
Milli.Az