Maykl Ceksonun ölümünün əsl səbəbini AÇIQLADI - FOTO

19 İyun 2025 18:00

Maykl Ceksonun keçmiş vəkili pop kralının ölümünün əsl səbəbini bildiyini açıqlayıb. Brayan Oksman iddia edib ki, ifaçını cinsi zorakılıq işi üzrə aparılan məhkəmə istintaqı "öldürüb".

Milli.Az-ın məlumatına görə, hüquq müdafiəçisi bu barədə "Radar Online"a verdiyi açıqlamada danışıb.

Sənədlərə əsasən, Ceksonun ölümünə güclü yuxu dərmanının həddindən artıq qəbulu nəticəsində baş verən ürək dayanması səbəb olub.

Pop kralı ölümündən dörd il əvvəl "Neverland" rançosunda 13 yaşlı Qevin Arvizoya qarşı cinsi zorakılıqda ittiham edilmişdi. Məhkəmə tərəfindən təqsirsiz elan edilsə də, bu qalmaqal onun həyatında dərin izlər buraxıb.

"Maykl gecələr dəfələrlə zəng edirdi. Soruşurdu: "Niyə? Mən onlara qarşı çox yaxşı davranırdım, onlar isə bu yalanı uydururlar". O, ölənə qədər bu suala cavab tapa bilmədi", - deyə Oksman bildirib.

2005-ci ildə keçirilmiş sorğuya əsasən, ABŞ sakinlərinin 80 faizi Ceksonun təqsirli olduğuna inanırdı. Vəkilin sözlərinə görə, bu münasibət və ictimai qınaq Ceksonu emosional cəhətdən sarsıdıb və tamamilə dəyişib.

"Deyirdi ki, mən ifaçıyam, insanlardan asılıyam, amma onların 80 faizi məni günahkar sayır?" - vəkil xatırlayıb.

Bundan başqa, Cekson "Maykl Ceksonla həyat" adlı televiziya sənədli filmini çəkən britaniyalı jurnalist Martin Başir tərəfindən aldadıldığını düşünürmüş. Vəkilin sözlərinə görə, müğənni deyirdi ki, əgər onu həbsxanaya salsalar, sağ qalmaz, çünki belə ittihamlarla məhkum edilənlərə qarşı münasibət çox amansız olur. /Oxu.Az

Milli.Az