İrana heç gözləmədiyi nüvə ölkəsindən dəstək - Onlar da "müharibə"yə qoşulsa...

19 İyun 2025 10:45

İsrailin İranın nüvə və hərbi obyektlərinə endirdiyi hava zərbələrindən sonra bölgədə gərginlik daha artmaqdadır. Artıq qarşıdurma regional çərçivədən çıxararaq qlobal miqyasa keçib. Bu proses fonunda dünya ölkələri biri-birinin ardınca mövqe nümayiş etdirir. Bu mövqelər arasında ən çox diqqət çəkəni isə Şimali Koreya lideri Kim Çen In-ın çıxışı olub.

Şimali Koreya rəhbəri Kim Çen In İsrailin İran ərazisinə etdiyi hücumları "imperialist təxribat" adlandıraraq, bu münaqişədə açıq şəkildə İranın yanında olduqlarını bəyan edib. Kim bildirib ki, əgər Tehran tərəfindən rəsmi şəkildə müraciət olunsa, Şimali Koreya yardım göstərməkdən çəkinməyəcək. Bu açıqlama yalnız sözlərlə məhdudlaşmayıb, Şimali Koreya rəhbəri həm də "qlobal imperializmin muzdlu əsgərləri" ifadəsini işlədərək Qərb ölkələrinin İsrailə dəstəyinə sərt münasibət bildirib.

Kim Çen In-ın bu bəyanatı regionda gedən hadisələrə birbaşa təsir etməsə də, beynəlxalq səviyyədə səs-küyə səbəb olub. İllərdir qapalı və izolyasiya olunmuş şəkildə siyasət yürüdən Şimali Koreyanın belə bir dönəmdə, belə həssas mövzuda açıq mövqe sərgiləməsi diplomatik dairələrdə birmənalı qarşılanmayıb.

Hazırda İsrailə ABŞ və Böyük Britaniya kimi Qərb ölkələri dəstək verir. Rusiya, Çin və Livan isə İranla eyni mövqedədir. Şimali Koreyanın da açıq şəkildə bu sıraya qoşulması bölgədə baş verən hadisələrin təkcə regional güc mübarizəsi olmadığını, eyni zamanda dünya miqyasında yeni siyasi qütbləşmənin getdiyini göstərir.

Beynəlxalq münasibətlər üzrə ekspertlərin fikrincə Şimali Koreya bu addımı ilə həm də özünün unudulmadığını, siyasi mənzərədə hələ də rol oynamaq niyyətində olduğunu nümayiş etdirir. Digər tərəfdən, bu bəyanat vasitəsilə İranın beynəlxalq müstəvidə tam təcrid olunmadığını göstərmək də hədəflənmiş ola bilər.

İranın illərdir sanksiyalar altında yaşadığı, Şimali Koreyanın isə Qərblə uzun müddətli qarşıdurma vəziyyətində olduğu bir zamanda bu iki ölkənin geosiyasi mövqelərinin yaxınlaşması diqqətçəkən tendensiya kimi qiymətləndirilir.

Şimali Koreyanın "yardım göstərməkdən çəkinmərik" sözləri isə bəzi müşahidəçilər tərəfindən yalnız diplomatik jest yox, həm də mümkün texniki və ya hərbi dəstəyə açıq qapı kimi şərh edilir. Bu isə gələcəkdə bölgədə baş verəcək hərbi və ya kəşfiyyat hadisələrinə Şimali Koreya izlərinin qarışa biləcəyini istisna etmir.

Bütün bu proseslər onu göstərir ki, İran və İsrail arasında baş verənlər artıq sadəcə regional qarşıdurma deyil, qlobal güclərin bir-birinə qarşı səfərbər olduğu yeni mərhələyə çevrilib. Şimali Koreya kimi uzun illər dünya siyasətindən kənarda dayanan bir ölkənin bu cür açıq və konkret mövqe ortaya qoyması isə hadisələrin nə qədər dərinləşdiyini göstərir. Gələcək günlərdə bu bəyanatların real addımlara çevrilib-çevrilməyəcəyi, qarşıdurmanın nə qədər genişlənəcəyi və hansı yeni mövqelərin üzə çıxacağı xeyli sual doğurur.

Bəxtiyar Umarlı
Milli.Az