Bu şəxslərə ŞAD XƏBƏR - Dövlət 59 yaşından pensiya ödəyəcək

19 İyun 2025 09:57

Azərbaycan Prezidenti "Əmək pensiyaları haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Qanuna edilən dəyişikliklərə əsasən, güzəştli şərtlərlə pensiyaya çıxan vətəndaşların pensiyaları dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Belə ki, çoxuşaqlı ailələrdə analar 59, bəzi hallarda isə atalar 60 yaşında pensiyaya çıxa biləcəklər. Həmin şəxslərin pensiya təminatı onların pensiyaya erkən çıxmaları ilə əlaqədar 5 il müddətində birbaşa dövlət büdcəsi tərəfindən qarşılanacaq.

Milli.Az-ın məlumatına görə, iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, yeni mexanizm 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək və həmin tarixdən etibarən aidiyyəti şəxslərə dövlət büdcəsi hesabına pensiya ödənişləri həyata keçiriləcək.

Dəyişikliklərə əsasən, "Əmək pensiyaları haqqında" Qanunun 6.2-ci maddəsinə aşağıdakılar da daxildir:

Liliput və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin 20 ilə qədər erkən pensiya ödənişləri,

Orqanizmin funksiyalarının 81-100 faiz pozulması və ya 18 yaşınadək əlilliyi olan şəxslərə qulluqla əlaqədar formalaşan pensiyalar da dövlət büdcəsi tərəfindən ödəniləcək.

Təsdiq olunan digər mühüm dəyişiklik mülki aviasiya sahəsində çalışan şəxslərlə bağlıdır. Belə ki, uçuş və uçuş-sınaq heyətinin pensiya hüququ bundan sonra qanunvericiliyin vahid sisteminə uyğun şəkildə tənzimlənəcək. Bu məqsədlə qanunun 22.3-cü maddəsi çıxarılaraq, onun əvəzinə 5.3-cü maddə tətbiq olunacaq.

Ekspertlər hesab edirlər ki, bu dəyişikliklər:

Güzəştli pensiya hüququna malik vətəndaşların sosial rifahını yaxşılaşdıracaq,

Dövlət büdcəsi ilə Dövlət Sosial Müdafiə Fondu arasında vəzifə bölgüsünü dəqiqləşdirəcək,

Pensiya sistemində maliyyə sabitliyinin və davamlılığın təmin olunmasına töhfə verəcək.

Milli.Az