33 nəfərlik ekspedisiya Şəkidə səfərdə olub
21 İyul 2012 18:39
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Mədəniyyət və Turizm nazirliyinin rəsmi dəstəyi ilə Malayziyada fəaliyyət göstərən "4x4 World Explorer SDN Bhd" şirkəti ilə birgə "Beumi Transasia 2012" adlı avto ekspedisiyanın üzvləri yollarını Şəkidən salıblar.
Türkiyənin İstanbul şəhərində start götürən ekspedisiya Türkiyə, Gürcüstan, Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan keçməklə Çinin Tyanjin vilayətində başa çatacaq. Marşrutun ümumi uzunluğu 17 000 km, müddəti isə 58 gecə 59 gündür. Avtotur ABŞ, Malayziya, Sinqapur, Yunanıstan, Norveç, Çin, Rusiya vətəndaşları olmaqla 33 nəfərdən ibarətdir. Şəkidə iki gün qalacaq tur iştirakçıları rayonun qədim tarixi və mədəni abidələrini, əfsanəvi və dini məbədlərini ziyarət edəcəklər.
Ekspedisiyanın keçirilməsində məqsəd turizm sektorunun inkişafı, Azərbaycanın turizm-iqtisadi və mədəni-tarixi potensialı ilə yaxından tanışlıq və bu imkanların dünya miqyasında sistemli şəkildə təbliğindən ibarətdir. Qeyd edək ki, avtotur iştirakçıları ekspedisiya ərzində çadırlarda gecələyəcəklər. Bu layihənin Azərbaycanın yeni turizm təyinat məntəqəsi kimi tanıdılmasında və turist axınına səbəb olmasında böyük rolu olacağı gözlənilir.
Milli.Az