Oğlan körpələrində səssiz təhlükə - Sonsuzluğa səbəb olur

19 İyun 2025 08:48

Urologiya Mütəxəssisi Dos. Prof. Dr. Yavuz Onur Danacıoğlu yeni doğulan oğlan körpələrində sıx rastlanan enməmiş xaya probleminin vaxtında müalicə olunmadıqda sonsuzluq və xaya xərçəngi riskini artırdığını bildirib.

Milli.Az xəbər verir ki, enməmiş xaya xayaların qarın boşluğunda qalması ilə yaranır. Bu vəziyyətin ilk 6 ayda öz-özünə düzəlməsi mümkündür, lakin 1 yaşdan sonra müalicə mütləqdir. Ən uyğun müalicə dövrü 6-18 ay arasıdır.

Həkimin sözlərinə görə, orxiopeksi adlanan cərrahi əməliyyat vasitəsilə xayalar lazımi yerə endirilir. Əvvəllər tətbiq olunan hormon müalicələri isə artıq tövsiyə edilmir.

"Gecikən müalicələrdə xayaların çıxarılması belə lazım gələ bilər. İkitərəfli hallarda sonsuzluq riski 40%-ə, xərçəng riski isə 10 qat artır," - deyə o, xəbərdarlıq edib.

Diaqnozun qoyulması üçün ilkin mərhələ fiziki müayinə, daha sonra isə ultrasəs və MRT ilə görüntüləmədir. Bəzən diaqnostik laparoskopiya ilə daxili müayinə tələb oluna bilər.

Uşağının xayasında qeyri-adilik müşahidə edən valideynlər dərhal uroloqa müraciət etməlidirlər, çünki bu vəziyyət səssiz, lakin təhlükəli nəticələrə yol aça bilər.

Milli.Az