İran-İsrail münaqişəsi kimlərə sərf edir? - TƏHLİL

18 İyun 2025 17:36

İran və İsrail arasında artan gərginlik yalnız regionla məhdudlaşmır, qarşıdurma dünya siyasətinə və geosiyasi maraqlara ciddi təsir göstərir. Münaqişə beynəlxalq güclərin mövcud mövqelərini dəyişdirə, bəzi ölkələr üçün strateji üstünlük, digərləri üçün isə risk yarada bilər. Rusiya, Çin, ABŞ və Avropa kimi əsas aktorların bu prosesə yanaşmaları və maraqları fərqli olsa da, hamısı bu savaşın nəticələrindən təsirlənir.

Milli.Az xəbər verir ki, münaqişə başladıqda dərhal diqqət Rusiya-Ukrayna cəbhəsindən yayındı. Bu isə Moskvanın xeyrinə işləyir. ABŞ-nin diqqətinin İsrailə yönəlməsi Ukraynaya hərbi yardımın azalması ilə nəticələnə bilər. Artıq Pentaqonun Ukrayna üçün nəzərdə tutulan PUA əleyhinə texnologiyaları İsrailə göndərdiyi məlum olub. Rusiya isə fürsətdən istifadə edərək Kiyev və Odessaya hücumlarını artırıb.

Gərginlik Çinin də maraqlarına uyğun gəlir. ABŞ-nin Yaxın Şərqə fokuslanması Pekinə Tayvana qarşı siyasi təzyiqləri gücləndirmək imkanı verir. Lakin iqtisadi baxımdan, xüsusilə "Şərq-Qərb Nəqliyyat Dəhlizi" və Avropa bazarına çıxış layihələri üçün bu münaqişə zərərlidir.

Savaşın uzanması regional miqyasda da ciddi nəticələr doğura bilər. İsrail müttəfiqlərini döyüşlərə cəlb edərsə, bölgədə qaçqın axını artacaq. Eyni zamanda enerji qiymətləri yüksələcək ki, bu da həm Avropa, həm də İran neftindən asılı olan Hindistan üçün mənfi ssenaridir.

Asya
Milli.Az